ABŞ prezidenti Donald Tramp Kuba ilə bağlı siyasətini sərtləşdirməyə qərar verib.
“Reuters”in öz mənbələrinə istinadən yaydığı məlumata görə, Vaşinqton Havanaya münasibətdə yeni kursunu iyunun 16-da rəsmən elan edəcək.
Böyük ehtimalla, Tramp bu barədə bəyanatı Mayamiyə səfəri zamanı səsləndirəcək.
ABŞ-dakı son prezident seçkilərindən sonra Tramp ölkəsi ilə Kuba arasında münasibətlərin normallaşdırılmasına dair razılaşmanı ləğv edəcəyini bəyan etmişdi. Bu, bir halda baş verməyə bilərdi ki, Kuba sazişin hər iki ölkənin maraqlarına uyğunlaşdırılmasını təmin etsin.
Kuba lideri Fidel Kastronun ölümündən sonra Tramp onu qəddar diktator adlandırmışdı. Və ümid etdiyini bildirmişdi ki, yerli əhali onun ölümündən sonra azadlığa çıxacaq.
ABŞ-Kuba münasibətləri Fidel Kastronun 1959-cu ildə iqtidara gəlişindən sonra pozulmuşdu. İki ölkə arasında diplomatik əlaqələr 2014-cü ilin dekabr ayında ABŞ prezidenti Barak Obamanın Kuba ilə münasibətləri normallaşdırmaqla bağlı tarixi açıqlamasından sonra bərpa edilib.
2015-ci ilin aprel ayında isə ABŞ və Kuba liderləri yarım əsrlik fasilədən sonra ilk dəfə bir araya gəliblər. Görüşün ardınca ABŞ Kubanı terrora dəstək verən ölkələr siyahısından çıxarıb. Həmçinin qarşılıqlı səfirliklərin açılmasına qərar verilib(azadliq.info).