XƏBƏR LENTİ

07 İyun 2020
06 İyun 2020

Digər Xəbərlər

30 İyun 2017 - 16:11

Politoloq Elxan Mehdiyev:“Rusiya Donbasın  Qarabağa dönməsini istəyir, Ukrayna buna şərait yaradır”

“Son iki gün ərzində Ukraynada hərbçilərin olduğu iki avtomobilin partladılması barədə fikir yürütmək çox çətindir”.

Bunu Teleqraf.com-a açıqlamasında politoloq Elxan Mehdiyev deyib.

O bunu Azərbaycan cəmiyyətinin Ukraynadakı vəziyyəti yaxşı bilməməsi ilə əlaqələndirib: “Ordan-burdan kim informasiya verirsə, biz də onları eşidirik. Bu baxımdan real vəziyyəti bilmək çox çətindir. Bu terror aktları nəyin nəticəsidir, kimin işidir və s. Çünki bu məsələdə həm Rusiya kəşfiyyatı üzərində köklənənlər var, həm də yerli, daxili qeyri-sabitlikdən qaynaqlanan amilər mövcuddur. Bu baxımdan hansısa fikir yürütmək çox çətindir”.

Qeyd edək ki, Ukrayna mətbuatı Kiyevdə baş verən terror hadisəsinin Rusiya tərəfindən törədildiyini iddia edib. Onlar iddia edirlər ki, Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin zabiti Maksim Şapoval Rusiyanın Ukraynadakı fəaliyyətinə qarşı aktiv mübarizə aparıb. Bu səbədən ona sui-qəsd edildiyi bildirilir.

E.Mehdiyev isə deyib ki, Bakıda oturub Kiyevdə terror aktını kimin törətdiyini söyləmək məsuliyyətsiz bəyanat olardı: “Bu baxımdan bizim bu hadisəni qiymətləndirməyimiz çox çətindir”.

Politoloq Ukraynada sabitliyin yaranmasının çox mürəkkəb məsələ olduğunu vurğulayıb: “Ukraynada hələ uzun müddət qeyri-sabitlik olacaq. Ta o vaxta kimi ki, Donbas məsələsi həllini tapsın. Onun da həll olunması mümkün görünmür. Bu məsələnin həlini tapmamasında da həm Rusiyanın, həm də Ukraynanın rolu var. Təbii ki, Rusiya tərəfi məsələnin uzanmasında çox maraqlıdır. Rusiya Donbas məsələsinin də bizim gözümüzün qarşısında olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dönməsini istəyir. Ukrayna tərəfi isə buna şərait yaradır, öz hərəkətləri ilə köməklik edir. Çünki onlar Donbası tamamilə Ukraynanın suverenliyində görür və siyasi həllə getməyə tələsmir. Düşünürlər ki, guya Ukrayna iqtisadi və hərbi cəhətdən güclənəcək, bu ərazilər üzərində özünün suveren hüquqlarını bərpa edəcək. Bu isə baş tutan məsələ deyil. Ona görə də Ukraynanın qeyri-sabitliyi hələ irəlidədir”.

E.Mehdiyev Ukraynanın bu istiqamətdə gedərək Donbas üzərində suverenliyini bərpa etməsinin mümkün olmayacağını vurğulayıb: “Çünki Ukrayna hər nə qədər güclənsə də, Rusiyadan yüz dəfə gücsüz olacaq”.

Qeyd edək ki, Ukrayna Hərbi Prokurorluğu hər iki avtomobilin partladılmasını terror aktı kimi kvalifikasiya edib. Kiyevdə törədilən terror aktı ilə bağlı Hərbi Prokurorluq istintaq zamanı “rus izi”ni əsas verisiya kimi götürəcək. Bəs, Ukrayna hüquq-mühafizə orqanları istintaq nəticəsində “rus izi”ni aşkarlasa, bu Moskva üçün hansı nəticələr doğuracaq?

Bu sualımızı da cavablandıran E.Mehdiyev bunun heç bir nəticə doğurmayacağını vurğulayıb: “Üç il öncə həmin Donbas üzərində – Donetsk vilayətində Amsterdamdan Kuala-Lumpura uçan sərnişin təyyarəsi vuruldu, təyyarədə olan 298 nəfərin hamısı həlak oldu. Bunu heç kim Rusiyaya sübut edə bilmədi. İndi iki terror aktı nəticəsində bir neçə nəfərin öldürülməsini kim sübut edəcək və bundan Rusiya nə itirəcək? Bu, çox qəribə səslənir”.