XƏBƏR LENTİ

19 Sentyabr 2020
18 Sentyabr 2020

Digər Xəbərlər

07 İyul 2017 - 12:38

Dünya rəhbərləri bir araya gəlir –Hamburqda G20 liderlərinin sammiti başlayır

İyulun 7-də Hamburqda “İyirmilik” qrupu ölkələrinin ikigünlük sammiti başlayır.

Almaniya sammitdə bu mövzuları prioritet qismində müzakirə etməyi planlaşdırır: iqlim dəyişikliyi ilə mübarizə, Afrikanın inkişafı, planetdə aclığın nəticələrinin aradan qaldırılmasına kömək göstərilməsi, cəmiyyətdə qadınların rolunun artırılması.

TASS informasiya agentliyi xəbər verir ki, sammitin ilk iş günündə terrora qarşı fəaliyyət, ticarət və iqtisadi problemlər və iqlim dəyişikliyi müzakirə olunacaq. İkinci iş günü isə Afrikada vəziyyətin yaxşılaşdırılması, miqrasiya və səhiyyə problemləri, həmçinin rəqəmsal texnologiyaların inkişafı məsələlərinə həsr olunacaq.

Lakin “İyirmilik” ölkələrinin liderləri rəsmi proqramla kifayətlənməyəcək və çoxsaylı ikitərəfli görüşlər keçirəcəklər. Onların arasında ABŞ Prezidenti Donald Tramp ilə Rusiya lideri Vladimir Putinin görüşü daha çox maraq doğurur.

Sammit iştirakçılarının təhlükəsizliyini 20 minə yaxın polis əməkdaşı təmin edəcək. “İyirmilik” liderlərinin gələcək görüşü artıq kütləvi etirazlara səbəb olub. Bu ərəfədə şəhərin Sankt-Pauli küçəsində razılaşdırılmış mitinq keçirilib. Sonradan onlara solçu radikalların və antiqlobalçıların qoşulması ilə dinc aksiya iğtişaşa çevrilib. Toqquşmalar nəticəsində yüzlərlə insan, o cümlədən polis əməkdaşları xəsarət alıb.

Xatırladaq ki, G20-yə Avropa İttifaq Şurasının sədri və Avropa Komissiyası prezidentinin şəxsində ayrıca təşkilat kimi Aİ, Şimali Amerikadan Kanada, ABŞ və Meksika, Cənubi Amerikadan Braziliya və Argentina, Avropa və Yaxın Şərqdən Böyük Britaniya, Fransa, Almaniya, İtaliya, Rusiya, Türkiyə və Səudiyyə Ərəbistanı, Asiyadan Hindistan, İndoneziya, Çin, Cənubi Koreya və Yaponiya, Afrikadan Cənubi Afrika Respublikası, habelə Avstraliya daxildir. Həmin dövlətlərin başçıları ilə yanaşı, sammitə böyük beynəlxalq strukturların – Beynəlxalq Əmək Təşkilatının, Dünya Bankının, Dünya Ticarət Təşkilatının, Beynəlxalq Valyuta Fondunun, Dünya Səhiyyə Təşkilatının rəhbərləri də dəvət olunurlar. “Böyük iyirmilik” ölkələrinin payına planetimizin əhalisinin 2/3 hissəsi və dünya ÜDM-nin 80 faizi düşür.