XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

23 July 2017 - 15:29

Moskvaya qarşı yeni demarş –ABŞ Konqresi yeni sanksiya qanununu razılaşdırdı

 

 

ABŞ Konqresində hər iki partiyanın liderləri seçkilərə iddia edilən müdaxiləsinə görə Rusiyaya qarşı olan yeni sanksiyalarla  bağlı qanun layihəsi üzrə razılıq əldə ediblər.

Strateq. Az BBC-yə istinadən bildirir ki, yeni qanun layihəsi prezident Trampın Rusiyaya qarşı sanksiyaları qaldırmaq səlahiyyətini kəskin şəkildə azaldacaq. Bundan əvvəl Donald Tramp Rusiya siyasəti məsələsində sərbəstlik istədiyini bildirib.

Trampın prezidentlik dövrünün gündəmi Rusiyanın onun xeyrinə ABŞ prezident seçkilərinə müdaxilə etməsinə dair iddialarla keçir. Rəsmi Moskva bu iddiaları rədd edir. Lakin hazırda bir neçə ABŞ təhqiqatı Trampın seçki kampaniyası və Rusiya rəsmiləri arasında iddia edilən sövdələşməni araşdırır.

Siyasi müxbirlər hər iki partiyanın layihəyə dəstəyinin  Trampın şəxsi istəklərindən asılı olmayaraq konqresin Rusiyaya qarşı möhkəm mövqe tutmaq niyyətində olduğunu göstərdiyini deyirlər.  Lakin bu layihəni imzalamaqla, o, administrasiyasının əleyhinə  olduğu bir qanunu tətbiq etmiş olacaq. Senatın Xarici Əlaqələr Komitəsində yer alan ən yüksək vəzifəli demokrat senator Ben Cardin razılığın "gərgin danışıqlardan" sonra əldə edildiyini deyib: "Bunu etməkdə az qala birləşmiş kongres ABŞ xalqı və müttəfiqlərimiz adından prezident Putinə çox aydın bir mesaj göndərəcək və bunu etməyə bizə prezident Trampın köməyi lazımdır”.

Yeni layihə həmçinin Şimali Koreya və İrana qarşı yeni sanksiyaların tətbiq edilməsini mümkün edəcək.

Hazırda Krımın işğalına cavab olaraq ABŞ-ın Rusiya şirkətlərinə və şəxslərə qarşı bir neçə sanksiyaları qüvvədədir. Dekabr ayında  Rusiyanın ABŞ prezident seçkilərinə müdaxilə etdiyi iddiaları ortaya çıxanda, keçmiş prezident Barak Obama ABŞ-da yerləşən iki Rusiya obyektini müsadirə edib və 35 Rusiya diplomatını ölkədən çıxarmışdı. Kreml obyektlərin qaytarılmasını tələb edib və əks halda ABŞ-ı "xüsusi addımlar"la hədələyib. Keçən həftə keçirilmiş yüksək səviyyəli danışıqlardan sonra bir Rusiya rəsmisi qarşıdurmanın "az qala" həll edildiyini deyib.

Lakin yeni qanun prezident Tramp üçün Konqresin təsdiqi olmadan sanksiyaları qaldırmağı çətinləşdirəcək. Seçki kampaniyası vaxtı Donald Tramp Krımı Rusiyanın tərkib hissəsi kimi tanımağın və Rusiyaya qarşı sanksiyaları qaldırmağın mümkünlüyünə işarə etmişdi.