Keçən həftə Hindistanda prezident seçkilərində cəmiyyətin “toxunulmazlar” adı verilən ən aşağı təbəqəsinin nümayəndəsi qalib gəlib. 71 yaşlı Ram Natx Kovind arxasında 200 milyonluq kastasının gücünü alaraq dövlət başçısı seçilib.
Musavat.com xarici mediaya istinadən xəbər verir ki, bu qələbə onun kimi aşağı kastanın nümayəndəsi sayılan baş nazir Narendra Mori üçün də ciddi uğur hesab olunur. Ram Natx Kovind bu vəzifədə Pranab Kumar Mukrecini əvəz edəcək. Hindistanda prezident sadəcə 5 il vəzifədə qala bilər və təkrar seçilməsinə izn verilmir. Hakim “Bharata Canata Parti” (Hindistan Xalq Partiyası) tərəfindən irəli sürülən Kovind prezident kimi əsasən simvolik səlahiyyətlərə malik olub, təmsilçilik funksiyalarını yerinə yetirəcək. (Hindistan parlament respublikasıdır-red.)
Lakin bu Hindistan tarixində ilk toxunulmaz-dailt prezindent deyil. Bundan öncə 1997-2002-ci illərdə dövlət başçısı olan Koçeril Raman Narayan da ən aşağı kastaya mənsub idi. Maraqlıdır ki, Kovindin seçkilərdəki əsas rəqibi Meyra Kumar da toxunulmazlar sinfindən çıxan qadındır və müxalif Hindistan Milli Konqresi partiyasının nümayəndəsidir. Hindistandakı kasta sistemi 1950-ci ildə ləğv olunsa da onun təsirləri cəmiyyət içində qalmaqda davam edir.
Kasta sistemi dünaynın ən çoxsaylı əhalisinə malik ölkəsində 4 min ildir davam edir. Hindistan cəmiyyəti 4 əsas təbəqəyə-varnalara bölünür. Bunlar brahmanlar, kşatrilər, vayşilər və şudralardır. Hind dini təfəkküründə bu kastalar tanrı brahmanın bədən hissələri ilə simvolizə edilir. Bu təbəqələrdə ən aşağıdakı insanlar şudralar hesab olunur. Kastalar arasında, habelə öz içlərində ciddi iyerarxik ayrılıq mövcuddur və birinin digəri ilə münasibətə girməsi qadağandır.
Dalitlər isə bunların heç birinə daxil deyil. Onlar ölkədə ən çirkli işlərlə məşğul olublar. Onun üçün də bu insanlar cəmiyyətin digər təbəqələri tərəfindən həmişə rədd ediliblər. Toxunulmazlar ismi də elə burdan gəlir. Xüsusilə kənd rayonlarında toxunulmazların vəziyyəti olduqca acınaacaqlıdır. Hindistan əhalisinin 19%-i, yəni təxminən 200 milyonu dalitlər sinfinə aiddir. Maraqlıdır ki, Dünya bankının hesabatlarında Hindistan əhalisinin kasıblıq dərəcəsi də elə dailtlərin sayına uyğun gəlir-18%.
Hindistan baş naziri Narendra Modi də aşağı təbəqəyə, qxançilərə bağlıdır. Bundan öncə o, Qucarat ştatının qubernatoru olub. Onun valilik dövrü ştatda induslarla müsəlmanlar arasında münaqişərlərlə yadda qalıb. Modi özünü xalqın təmsilçisi kimi göstərsə də, xüsusilə heyvan kəsən müsəlmanları öldürmək istəyən indusların hərəkətlərinə mane olmamaqda günahlandırılıb.
Hər halda Hindistan kimi yerdə aşağı təbəqənin nümayəndəsinin qələbəsi dünyəvi və demokratik dövlətin üstünlüklərini bir daha ortaya qoyur.