XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

26 July 2017 - 20:38

Mahmud Abbas:“İsraillə əlaqələri bərpa etməyəcəyik”

“Qüdsdə “Əl-Aksa” məscidinin girişində metal detektorların götürülməsinə baxmayaraq Fələstin  İsraillə əlaqələri bərpa etməyəcək”.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu Fələstin prezidenti Mahmud Abbas  deyib.  
 
“Hər şey 14 iyul tarixindən əvvəlki vəziyyətə qayıtmayınca, heç bir dəyişiklik olmayacaq”, – deyə M.Abbas əlavə edib.  
 
Onun sözlərinə görə, Fələstin ikitərəfli əlaqələrin bərpası məsələsinə yalnız İsrail hökumətinin “Əl-Aksa” məscidi ilə bağlı tətbiq etdiyi bütün yeni tədbirləri aradan qaldırmasından sonra baxacaq: “İsrailin bütün yeni tədbirləri ləğv edilməlidir. Qüdsdə vəziyyət yalnız o zaman normallaşacaq və biz ikitərəfli münasibətlər üzərində işimizi davam etdirəcəyik”.  
 
Xatırladaq ki, ötən gün Qüdsdə “Əl-Aksa” məscidinin girişində İsrail tərəfindən quraşdırılan metal detektorlar və video kameralar götürülüb.  Müsəlmanların sərt etirazına səbəb olmuş elektron təhlükəsizlik sistemləri İsrailin hərbi-siyasi kabinetinin qərarı ilə ləğv edilib. 
 
Qeyd edək ki, iyulun 14-də Qüdsdə “Əl-Aksa” məscidi yaxınlığında fələstinli gənc İsrail polislərinə hücum edib. Nəticədə 2 polis ölüb, daha biri yaralanıb. Bundan sonra İsrail hökuməti “Əl-Aksa” məscidinə girişdə yeni təhlükəsizlik qaydaları tətbiq edib. Bu, fələstinlilərin kütləvi etirazı ilə qarşılanıb.
 
İsrail təhlükəsizlik qüvvələri ilə toqquşmalar nəticəsində 4 fələstinli ölüb, yüzlərlə şəxs yaralanıb.