Venesuelada Təsis Məclisi seçkilərinə sayılı saatlar qalıb. Hökumətin küçə nümayişlərinə qadağa qoymasına baxmayaraq, Karakasda “Venesuelanın hücumu” davam edir.
Azərtac Euronews telekanalına istinadla xəbər verir ki, müxalifətin çıxışları polislə növbəti toqquşmalarla müşayiət olunur.
Nikolas Maduronun seçilmiş şəxslərdən böyük səlahiyyətlərə malik yeni orqanın yaradılması təşəbbüsü müxalifət düşərgəsində kəskin etirazla qarşılanıb. Beynəlxalq ictimaiyyət də bu addımın ölkədə demokratiyanın zəifləməsinə səbəb olacağından ehtiyatlanır. Minlərlə venesuelalının zorakılıq və kasıblıqdan qaçaraq sığındığı qonşu Kolumbiyanın prezidenti Xuan Manuel Santos iyulun 30-na planlaşdırılan seçkilərin nəticələrini tanımayacağını bildirib.
Xatırladaq ki, Venesuelada iğtişaşlar bu ilin aprel ayından başlayaraq səngimək bilmir. Artıq toqquşmalar nəticəsində azı 110 nümayişçi həyatını itirib, 4 mindən çox insan isə həbs olunub. İyulun 28-də Venesuela Ali Məhkəməsi müxalifətin əsas lideri Alfredo Ramosun həbsi barədə qərar çıxarıb. O, hökumət əleyhinə etiraz aksiyalarının təşkilində ittiham olunur.