XƏBƏR LENTİ

24 Yanvar 2021
23 Yanvar 2021

Digər Xəbərlər

02 Avqust 2017 - 11:33

Baş redaktor:"Türkiyədə hələ də FETÖ qruplaşmasının gizli üzvləri var"

Türkiyədə Fəthullah Gülən terror təşkilatına qarşı ciddi mübarizə aparılmasına baxmayaraq, hələ də bu təşkilatın gizli üzvləri var.

Bu barədə Trend-ə "Bölgepostası" qəzetinin baş redaktoru, “Milat” qəzetinin köşə yazarı Ufuk Çoşkun bildirib.

U.Çoşkun hesab edir ki, FETÖ terror təşkilatının arxasında ABŞ, Almaniya, Fransa və hətta İsrail xüsusi xidmət orqanları durur.

O qeyd edib ki, FETÖ terror təşkilatı qərb xüsusi xidmət orqanlarının birgə layihəsidir və təşkilatın əsas hədəfi Türkiyənin inkişafının qarşısını almaqla yanaşı, Ankaranın Yaxın Şərq siyasətinə zərbə vurmaqdır.

Ekspert əlavə edib ki, hazırda ölkənin demək olar ki, bütün şəhərlərində və xüsusən də, Ankara və İzmir kimi böyük şəhərlərdə təşkilat üzvlərinin məhkəmələri başlayıb:

"FETÖ üzvləri 60 il müddətində ölkənin bir çox dövlət qurumlarına, xüsusən də, polis, təhlükəsizlik, bank, maliyyə sistemi və hətta ədliyyə sisteminə nüfuz edə biliblər. Türkiyədə FETÖ üzvlərinə qarşı məhkəmələrin başlamasına baxmayaraq, ədliyyə sisteminə nüfuz edən üzvlər məhkəmələrin gedişinə təsir etməyə çalışırlar".

Ekspertin fikrincə, FETÖ təşkilatının üzvləri hələ də ölkədə xaos və qarşıdurma yaratmaq üçün çalışırlar və bunun üçün ölkə müxalifəti ilə işbirliyində fəaliyyət göstərirlər:

"FETÖ üzvlərinin məhkəmə proseslərinin başlamasından sonra Türkiyədə bir sıra təxribat addımlarının atıldığını görmək olar. Bunlara misal olaraq, müxalifətin sözdə “Ədalət yürüşü”, Mustafa Kamal Atatürkün heykəlinə edilən hücumu göstərmək olar. Türkiyə FETÖ terror təşkilatının ölkənin təhlükəsizliyi üçün ciddi risk olduğunu dünya ictimaiyyətinə çatdırmalıdır”.

U.Coşkunun fikrincə, hazırda FETÖ terror təşkilatına qarşı aparılan aktiv mübarizədə ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanın böyük xidmətləri var.

Qeyd edək ki, 2016-cı il iyunun 15-dən 16-na keçən gecə Türkiyədə Fəthullah Gülənə (hazırda ABŞ-da yaşayan) bağlı bir qrup hərbçi dövlət çevrilişinə cəhd ediblər. Dövlət çevrilişi baş tutmasa da, həmin hadisələrdə 255 nəfər həlak olub, iki minə yaxın adam isə yaralanıb.