ABŞ hökuməti Rusiyadan ölkədəki baş konsulluqlarından birini bağlamağı tələb edə bilər. Müvafiq qərarın sentyabrın 1-dək elan ediləcəyi gözlənilir.
Bu barədə “Kommersant” diplomatik mənbələrə istinadən məlumat yayıb. Bu addımın Rusiyanın ABŞ-ın diplomatik missiyasının azaldılmasına cavab olaraq atılacağı bildirilir. Nəşr qeyd edir ki, hazırda ABŞ-ın Rusiyanın üç şəhərində – Sankt Peterburq, Yekaterinburq və Vladivostokda baş konsulluğu fəaliyyət göstərir. Rusiyanın isə ABŞ-ın dörd şəhərində – Nyu York, San Fransisko, Sietl və Hyustonda baş konsulluğu fəaliyyət göstərir. Rusiyanın hansı baş konsulluğunun bağlanacağı barədə məlumat verilmir.
Qeyd edək ki, bundan əvvəl Moskva ABŞ-ın Rusiyadakı diplomatik missiyanın əməkdaşlarının sayını 455 nəfərədək azaldılmasına dair göstəriş verib. Bundan başqa, ABŞ səfirliyinə Moskvadakı bağ evindən və anbarlardan istifadəsinə qadağa qoyulub.
V.Putin ABŞ-ın Rusiyadakı diplomatik nümayəndəliklərinin 755 əməkdaşının ixtisar ediləcəyini bildirib. Bu addımlar Konqresin Rusiyaya qarşı sanksiyalar haqqında qanun qəbul etməsinə cavab olaraq atılıb.