XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

29 Avqust 2017 - 12:45

Neft hasilatının azaldılması üzrə sazişin müddətinin uzadılmasına çalışacaqlar- Bu ölkələr

Səudiyyə Ərəbistanı və Rusiya Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və kartelə üzv olmayan bəzi ölkələr ilə əldə edilən neft hasilatının azaldılması üzrə sazişin müddətinin uzadılmasına çalışırlar.

Azərtac “Wall Street Journal”a istinadla xəbər verir ki, Rusiya və Səudiyyə Ərəbistanının neft hasilatının azaldılmasına dair sazişin müddətinin 2018-ci ilin iyun ayının sonuna qədər uzadılması üçün digər ölkələri də razı salmağa çalışırlar.

Məlumata görə, Rusiyanın energetika naziri Aleksandr Novak ilə Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii sərvətlər naziri Xalid Əbdüləziz Əl Falih keçən ay Sankt-Peterburqda keçirdikləri yığıncaqda OPEC və qeyri-OPEC ölkələri ilə əldə edilən neft hasilatının azaldılması üzrə sazişin müddətinin daha 3 ay uzadılmasını müzakirə ediblər.

Qeyd edək ki, ötən il noyabrın 30-da OPEC üzrə gündəlik neft hasilatının 1,2 milyon barrel azaldılaraq 32,5 milyon barrelə endirilməsi barədə razılıq əldə olunub. Dekabrın 10-da isə Vyanada OPEC üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə, o cümlədən Azərbaycan ümumi hasilatın sutkada 558 min barrel azaldılması barədə sazişə imza atıb. Neft hasilatının azaldılması üzrə sazişə müvafiq olaraq Azərbaycan iyulda hasilatı sutkada 35 min barrel azaltmaqla bağlı götürdüyü öhdəliyi tam yerinə yetirib. Ölkə üzrə gündəlik neft hasilatı yanvar ayı ərzində 793,9 min barrel, fevralda 776,4 min barrel, martda 733,3 min barrel, apreldə 781,1 min barrel, mayda 785,3 min barrel, iyunda isə 793,7 min barrel olub. Mayın 25-də OPEC Nazirlər Şurasının 172-ci iclası çərçivəsində OPEC-ə üzv və qeyri-üzv dövlətlər arasında neft hasilatının azaldılmasına dair sazişin müddətinin 2018-ci ilin birinci rübünün sonunadək uzadılması barədə razılıq əldə olunub.