XƏBƏR LENTİ

30 Oktyabr 2020
29 Oktyabr 2020

Digər Xəbərlər

21 Dekabr 2015 - 06:29

Yumruqlanan baş nazirin partiyası qələbə qazanır

Dekabrın 20-də İspaniyada parlament seçkiləri keçirilib. Seçkilərdə böyük aktivlik müşahidə olunub. Seçicilərin təqribən 73 faizi səsvermə hüququndan istifadə edib.

Səslərin 99 faizi artıq hesablanıb. İlkin nəticələrə əsasən hazırda hakimiyyətdə olan Mariano Raxoyun rəhbərlik etdiyi PP (Xalq Partiyası) birinci yeri tutub. 28,7 faiz səs toplayan bu partiya konqresdə 122 deputatla təmsil olunacaq. Bu, 2011-ci il seçkiləri ilə müqayisədə ciddi geriləmədir. O zaman PP 44,62 faiz səslə 186 deputat yeri qazana bilmişdi və təkbaşına hakimiyyət qurmuşdu. Bu, növbəti dörd ildə mümkün olmayacaq.

İkinci yeri tutan PSOE (İspaniya Sosialist İşçi Partiyası) də 2011-ci il seçkiləri ilə müqayisədə elektoratını xeyli itirib. Belə ki, sosialistlər o zaman 29 faizə yaxın səs toplamışdılarsa, bu dəfə cəmi 22.05 faiz seçici onlara səs verib. Pedro Sançesin partiyası konqresdə 91 deputatla təmsil olunacaq.

Gözlənildiyi kimi İspaniyanın ənənəvi iki partiyasının itirdiyi elektoratı yeni yaranmış digər 2 partiya qazanıb. Pablo İqlesiasın “Podemos” (Bacararıq) partiyası seçkilərdə 20,6 faiz səs toplayıb və 69 deputat yeri qazanıb. “Ciudadanos” (Vətəndaşlar) partiyası isə 4-cü yeri tutub. Seçicilərin 13,91 faiz səsini qazanan Albert Riveranın partiyası konqresdə 40 deputatla təmsil olunacaq.

İspaniya konqresindəki qalan 27 yer isə bir neçə kiçik partiya arasında bölüşdürülüb.

Beləliklə, proqnozlarda da deyildiyi kimi, İspaniyada heç bir siyasi partiya təkbaşına hakimiyyət qurmağa imkan verən 176 deputat yeri qazana bilmədi. Bu, o deməkdir ki, parlamentdə yer qazanmış siyasi qüvvələr koalisiya qurmaq üçün danışıqlar aparmalı olacaqlar. Onu da nəzərə alaq ki, ən çox səs toplamış dörd partiyadan ikisi – PP və “Ciudadanos” sağ mərkəzçi olsalar da, onların birgə deputat sayı da 176-a çatmır. Eləcə də digər iki sol partiya PSOE və “Podemos” da bir yerdə bu rəqəmi təmin edə bilmir. Belə olan halda bu cütlər koalisiya qurmaq istəsələr, kiçik partiyaların dəstəyi uğrunda mübarizə aparmalı olacaqlar(azərtac).

Xatırladaq ki, partiyası qələbə qazanan Baş nazir Mariano Raxoy bir neçə gün əvvəl seçki kampaniyası çərçivəsində keçirdiyi görüş zamanı hücuma məruz qalmışdı. Anders adlı gənc seçicilərlə söhbət edən Baş nazirə bir neçə dəqiqə qulaq asdıqdan sonra onun üzünə yumruq zərbəsi endirmişdi.