“Biz Şimal dəniz yolu üzrə birgə işi fəal müzakirə edirik. Biz digər marşrutları öyrənirik. Məsələn, “Şimal-Cənub” marşrutunu. Biz Hindistanın Baş naziri ilə qeyd etmişik ki, konteynerlərin birinci partiyası İran və Azərbaycandan keçməklə artıq Sankt-Peterburqa çatıb və geri qayıdıb. Bütün bunlar praktik planda öyrənilir. Hansı daha effektiv olacaq? Test sınaqlarına baxarıq və ən optimal qərarı seçərik”.
Azərtac xəbər verir ki, bu fikirləri Rusiya Prezidenti Vladimir Putin BRİKS sammiti çərçivəsində keçirilən mətbuat konfransında “İpək yolu” layihəsi haqqında suala cavab verərkən söyləyib.
Vladimir Putin qeyd edib ki, Rusiyanın xüsusi idarə və şirkətləri və digər ölkələrdən tərəfdaşlar İpək yolunun çəkilməsi məsələsini öyrənirlər. “Qazaxıstandan avtomobil yolu praktik olaraq çəkilib. Biz işimizin özümüzə aid hissəsini vaxtında yerinə yetirməliyik. Çindən də yol gedir. Dəmir yolu marşrutlarına gəldikdə burada müxtəlif variantlar ola bilər: Qazaxıstandan keçməklə sonra bir qədər şərqə və cənuba, İrana doğru, ya da Rusiya ərazisindən keçməklə”, – deyə Rusiya Prezidenti bildirib.
Onun sözlərinə görə, Çin hökuməti Moskva-Kazan yüksəksürətli dəmir yolunun inşasında iştirak etməyi planlaşdırır. Rusiya ərazisindən keçməklə yüksəksürətli sərnişin-yük dəmir yolunun mümkünlüyü müzakirə edilir. “Əgər bu layihə reallaşdırılarsa, onda qatarların 200 km/saat sürətlə hərəkətini mümkün edə bilər. Bu o deməkdir ki, 3-4 günə yük Çindən, deyək ki, Almaniyaya çatdırılacaq. Bunlar çox maraqlı, perspektivli, lakin dəqiqləşdirilməsi tələb olunan layihələrdir”, – deyə Rusiya Prezidenti vurğulayıb.