“The Banker” jurnalı beynəlxalq maliyyə mərkəzlərinin illik reytinqini təqdim edib. Reytinq cədvəlində Dubay 10-cu yeri tutub. “Arabian Business” nəşrinin yaydığı məlumata görə, əmirlik özünün Dubay Beynəlxalq Maliyyə Mərkəzi (DIFC) sayəsində London, Nyu-York, Honqkonq və Sinqapur kimi maliyyə paytaxtları ilə bir cərgədə yer alıb.
Azərtac xəbər verir ki, DIFC yarandığı 2004-cü ildə etibarən Yaxın Şərq, Afrika və Cənubi Asiya regionu üçün aparıcı maliyyə mərkəzinə çevrilib.
Məlumatda qeyd edilir ki, mərkəzin fəaliyyəti 2017-ci ilin ilk altı ayında 6,2 faiz yüksəlib, orada qeydiyyatdan keçən şirkətlərin sayı 1750-yə çatıb. DIFC şirkətlərə müstəqil tənzimləyici, ingilis dilində ümumi hüquqa əsaslanan müstəqil məhkəmə sistemi və beynəlxalq maliyyə birjası təklif edir.
“The Banker” jurnalının reytinqi maliyyə bazarlarının, iqtisadi potensialın göstəricilərini, biznes mühiti amillərini və digər keyfiyyətləri əhatə edən məlumatlara əsaslanır.