XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

08 September 2017 - 10:43

Ərdoğanın “Rza Zərrab” problemi böyüyür –Türkiyənin sabiq iqtisadiyyat nazirinə cinayət işi açıldı

Nyu-York prokurorları Türkiyənin keçmiş iqtisadiyyat nazirinə qarşı cinayət işi qaldırıb.

BBC radiosunun məlumatına görə, bu barədə "Financial Times" qəzeti yazıb.

Sabiq nazir Zəfər Çağlayan İranın beynəlxalq qızıl ticarətinin ABŞ sanksiyalarından yan keçirilməsini ört-basdır etmək məqsədilə milyonlarla dollar rüşvət almaqda ittiham edilir. Məqalədə deyilir ki, cənab Çağlayan İran qızılı ilə milyardlarla dollarlıq beynəlxalq ticarətdə iştirakının müqabilində pul və cəvahirat şəkilndə rüşvət almaqda günahlandırılır.

Bu iddialar 33 yaşlı İran azərbaycanlısı Rza Zərrabın işinin araşdırılması gedişatında ortaya çıxıb. İranın adından qızıl ticarəti ilə məşğul olan Zərrab ötən il Mayamidə həbs edilib. Bu işlə əlaqədar Türkiyənin ən böyük banklarından biri olan “Halkbank”ın direktor müavini Mehmet Hakan Atilla isə ABŞ hakimiyyət orqanları tərəfindən ötən mart ayında həbs olunub.

FT yazır ki, Çağlayan bu məsələ ilə əlaqədar barəsində cinayət işi qaldırılan ilk keçmiş siyasətçidir. Məqalədə deyilir ki, cinayət ittihamlarının ABŞ və Türkiyə arasındakı gərginliyi artıracağı düşünülür. İddia edilən cinayət əməlinin törədildiyi vaxt Çağlayan Rəcəb Tayyip Ərdoğanın hökumət kabinetinə daxil idi. O sonralar bu iddialarla bağlı vəzifəsindən və millət vəkilliyindən istefa vermişdi. Bununla belə o iddiaları rədd edirdi.

Türkiyə Zərrabın həbsinə və mühakiməsinə güclü etiraz edirdi. Onun sözü gedən sxemdəki rolu 2013-cü ildə Türkiyədə başlanmış böyük korrupsiya araşdırması zamanı üzə çıxmışdı. Bu araşdırma az qala Ərdoğanın devrilməsi ilə nəticələnə bilərdi. Türkiyə prezidenti iddia edir ki, ABŞ-ın keçmiş qızıl ticarətçisini mühakimə etməsinin "gizli motivləri" var. Zərrab özünə qarşı ittihamlara xitam verdirmək ümidi ilə keçmiş Nyu-York meri Rudolf Culianini vəkil tutub.

FT yazır ki, ABŞ prezidenti Donald Trampa yaxın olan Culiani keçmiş ABŞ baş prokuroru Maykl Mukaseylə ötən fevral ayında Ərdoğanla görüşmək üçün Türkiyəyə uçmuşdu. ABŞ prokurorları keçmiş merin bu işə girişməsindən narahat olmuş və işə baxan hakimə yazmışdılar ki, onların başı üstündən aparılan bu "qəribə" təşəbbüslər araşdırılmalıdır. Buna cavab olaraq Culiani və Mukaseyin birgə məktubunda deyilirdi ki, onlar bu məsələnin həm Zərrabın, həm də ABŞ-ın təhlükəsizlik maraqlarının xeyrinə həll olunmasına çalışırlar.

FT yazır ki, həm də Rza Sərraf kimi tanınan Zərrab ilk dəfə 2013-cü ildə Türkiyədə həbs edilib. Onun Türkiyə prokurorlarına verdiyi ifadələrdən məlum olurdu ki, biznesmen böyük həcmlərdə qızılın ABŞ sanksiyalarından yan keçərək İrana ötürülməsi üçün kabinetin Ərdoğana yaxın nazirlərinə rüşvətlər verib.

Ərdoğan Türkiyə prokurorlarının apardığı həmin araşdırmanı fəthullahçıların "çevriliş cəhdi" adlandırmışdı. Cənab Ərdoğan Zərrabın xeyriyyəçi olduğunu iddia edərək polis və ədliyyənin repressiyasına başlamışdı. Zərraba və daha 52 şübhəliyə qarşı Türkiyədəki cinayət işinə 2014-cü ildə xitam verilmişdi. Lakin Zərrabın ötən ilin martında ABŞ-da həbs edilməsi ilə bu araşdırma yenidən canlanıb. FT yazır ki, son ittihamlar ABŞ-da aparılan istintaqın miqyaslarını genişləndirib və bu iş üzrə şübhəlilərin sayı artıb. İndi “Halkbank”ın keçmiş direktoru Süleyman Aslana və bankın daha üç rəsmisinə qarşı bu işlə əlaqədar ittihamlar irəli sürülüb.

2013-cü ildə Aslanın evinə reyd zamanı polis ayaqqabı qutularında gizlədilən 4, 5 milyon dolları aşkar etmişdi. O ittihamları rədd edir və deyirdi ki, pulları xeyriyyə üçün saxlayırmış.

Bu iş üzrə ittiham edilən 9 nəfərdən yalnız Atilla və Zərrab ABŞ həbsxanasındadırlar.