BMT Myanmada Rohingiya müsəlmanlarına qarşı ordu tərəfindən hücumları və dinc əhalinin qətlə yetirilməsini etnik təmizləmə kimi tənqid edib.
AZƏRTAC xəbər verir ki, BMT-nin insan hüquqları üzrə komissarı Zeid Raad əl-Hüseyn bu gün Cenevrədə BMT-nin İnsan Hüquqları Şurasının iclasında bildirib ki, Myanmada hökumət insan haqları üzrə müşahidəçiləri ölkəyə daxil olmağa icazə vermədiyinə görə hadisələr barədə müfəssəl məlumat almaq mümkün deyil. Lakin vəziyyət barədə əldə edilmiş bütün məlumatlar baş verənlərin etnik təmizləmənin əsl nümunəsi olduğunu göstərir: “Vəziyyət sanki etnik təmizləmələr haqqında dərslikdəki təsvirlərdən götürülüb”.
Ali komissar Myanma hökumətini vəhşi hərbi əməliyyatları dayandırmağa, güc tətbiqinə görə cavabdehliyi öz üzərinə götürməyə və diskriminasiyaya son qoymağa çağırıb. Mülki əhaliyə divan tutulması, kəndlərin yandırılması və məhkəməsiz edamların həyata keçirilməsi barədə məlumatlar var.
BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Banqladeş hökumətinə istinadla yaydığı məlumata görə, avqust ayından indiyədək təxminən 300 min Rohingiya müsəlmanı Myanmadan bu ölkəyə pənah gətirib.