Sentyabrın sonunda Moldova parlamentinin payız sessiyası başlayacaq. Deputatlar dövlət başçısı Dodon tərəfindən imzalanmadan geri qaytarılan bir sıra qanunlara yenidən baxmalı olacaqlar. Həmin qanunlar arasında Rusiya telekanallarının informasiya və analitik proqramlarına qadağa tətbiqi ilə bağlı sənəd də var.
Moldova dövlət başçısı İqor Dodon “RİA Novosti”yə açıqlamasında bildirib ki, heç bir antirusiya sənədinin altına imza atmayacaq və xalqın ona bu məsələdə dəstək verəcəyinə əmindir: “Konstitusiyada açıq şəkildə yazılıb ki, prezident ikinci dəfə həmin qanunları imzalamağa məcburdur. Amma mən bilərəkdən imtina edərək dövlət maraqlarının əleyhinə hesab etdiyim sənədlərin altına imza atmayacağam. Bunlardan biri də 9 Mayla bağlıdır. Bizim üçün 9 May müqəddəs bayramdır. Biz həmin günü Avropa günü elan edə bilmərik. 9 May bizim üçün xatirə günü, Qələbə günüdür”. Dodon “Rusiya təbliğatı” da adlandırılan sənədi də imzalamayacağını bəyan edib: “Parlament həmin sənədi iki dəfə, üç dəfə də qəbul etsə, mən imzalamayacağam və həmin sənədlər qüvvəyə minməyəcək”. Qeyd edək ki, belə olan halda parlament hesab edə bilər ki, dövlət başçısı Konstitusiyanı pozur və onu vəzifədən uzaqlaşdırmaq üçün referendum təyin edə bilər. Dodon müsahibəsində bundan qorxmadığını deyib: “Mən belə bir referenduma hazıram. Əminəm ki, xalq mənim tərəfimdə olacaq”. Dodon, ehtiyac olarsa, ən son variant kimi parlamentin qəbul etdiyi bütün qanunların bloklanacağını da istisna etməyib. Dodon parlament çoxluğunun impiçment elan edə biləcəyindən də qorxmur: “Belə olan halda, xalqa gedərik, onda görərik xalq kimi dəstəkləyir. İstənilən belə addım prezidentin reytinqinin artması deməkdir və onlar bunu çox gözəl başa düşürlər. Respublika rəhbərinin belə yüksək reytinqi olduğu halda, onlar impiçmentə getməzlər. Məqsədləri reytinqi aşağı salmaqdır. Bunun üçün Rusiya ilə bağlı müxtəlif provokasiyalar edirlər ki, Moskva ixracımızı dayandırsın, Bizim səhvimizi gözləyirlər, amma buna imkan verilməyəcək. Uduzacaqlarını bildiklərindən impiçmentə getməzlər”.
Dodon oktyabrın 11-də Soçidə keçiriləcək MDB dövlət başçılarının sammitində Rusiya dövlət başçısı Putinlə ölkə hökumətinin ardıcıl antirusyia provokasiyalarını və Dnestryanı münaqişəsini müzakirə edəcəyini bildirib. İlin əvvəlindən Moldova hökuməti və parlamenti tərəfindən bir sıra antirusiya qərarı qəbul edilib. Bunlar 5 Rusiya diplomatının ölkədən qovulması, Rusiya jurnalistləri, aktyorları və mədəniyyət xadimlərinin ölkəyə gəlişinə qadağa, Rusiya baş nazirinin müavini Roqozinin “arzuolunmaz şəxs” elan olunmasıdır. “Biz Putinlə ikitərəfli münasibətləri, Rusiya, Moldova dövlət başçıları əleyhinə fəaliyyəti, Rusiyada işləyən Moldova vətəndaşlarına kömək edilməsini, Rusiya bazarına Moldova ixracı və Dnestryanı münaqişəsi ilə bağlı müzakirələr aparacağam. Bir daha təkrar edirəm ki, Dnestryanıda sülhyaratma əməliyyatları uğurludur və davam etməlidir”– deyə Dodon deyib. Maraqlıdır ki, Dodon Dnestryanı münaqişəsinin nə vaxt həll oluna biləcəyini də deyib: “Münaqişə 2018-ci ildə Moldovada keçiriləcək parlament seçkilərindən sonra həll oluna bilər. Obyektiv yanaşsaq növbəti bir neçə ildə heç bir irəliləyiş olmayacaq. Bizim üçün vacibdir ki, 2019-cu ilə qədər status-kvonu saxlayaq ki, vəziyyət pisləşməsin, müharibə başlamasın, Allah göstərməsin, NATO qüvvələri Dnestr sahillərində peyda olmasın. Buna paralel şəkildə Dnestrin hər iki sahilində vətəndaşların problemlərini həll etməyə çalışacağıq”.
Dodon Dnestryanı münaqişəsinin həlli üçün 3 vacib məqamın çox mühüm olduğunu bildirib: “Birincisi və əsası parlamentdə Moldovayönümlü çoxluğun əldə edilməsidir. Belə bir hakimiyyət 2018-ci ilin sonunda- parlament seçkilərinin nəticəsində formalaşa bilər. İkinci vacib məqam ümumi ölkə qurmaq üçün bütün halda sağ sahillə razılaşma əldə etməkdir. Bu, asan deyil. Fərqli nəsil, fərqli idarəetmə və vergi sistemləri var. Bu, bir və ya iki ilin işi deyil. Üçüncüsü, lazım olan “geosiyasi pəncərə”ni tapmaq lazımdır ki, Qərblə Şərqə məhz bu məsələyə görə masa arxasına əyləşdirmək mümkün olsun. Rusiya və ABŞ-ı inandırmalıyıq ki, Moldova tarixindəki uğuru beynəlxalq planda təqdim etmək onlara da sərfəlidir. Bu, çox çətindir. Amma mən ümid edirəm ki, 2019-2020-ci illərdə belə bir “pəncərə” yaranacaq. Ən ideal variant 2020-ci il prezident seçkilərinin vahid ölkə ərazisində keçirilməsi olardı. Çalışmaq lazımdır ki, 2022-ci il parlament seçkiləri hər iki sahildə baş tutsun”.(Palitra.az)