“Vladimir Putin üçün yeni il tez gəldi”.
Bu sözləri ABŞ-ın Arizona ştatının senatoru Con Makkeyn ABŞ-ın Rusiyadan 20 ədəd RD-180 tipli raket mühərriki almasına sərt münasibət bildirərkən deyib.
O, ABŞ-ın bu addımını sərt tənqid edərək, rəsmi Vaşinqtonu ikili standartlar tətbiq etməkdə günahlandırıb: “Bu, ikiüzlülüyün yüksəlişini göstərir. Biz Rusiyaya sanksiya tətbiq etsin deyə, Avropa dövlətlərinə necə müraciət edə bilərik? Biz Putindən raket mühərrikləri almaq istəyərkən, fransalı həmkarlarımızdan Rusiyaya hərbi gəmiləri satmamasını necə xahiş edə bilərik?”
Qeyd edək ki, Arizona ştatının senatoru Con Makkeyn Ukrayna böhranını əsas gətirərək ABŞ şirkətlərinin Rusiyadan RD-180 tipli raket mühərrikləri almasını qadağan edən qanun layihəsi hazırlamışdı. ABŞ Konqresinin isə dünən qəbul etdiyi qərarda bu qadağa aradan götürülüb.