XƏBƏR LENTİ

02 İyun 2020

Digər Xəbərlər

24 Sentyabr 2017 - 09:16

Müsəlman ölkələrindən gələnlərin ABŞ-a giriş qadağası uzadılır –Yeni standart Trampa təqdim olunub

Amerika Birləşmiş Ştatlarının yüksək səviyyəli təhlükəsizlik rəsmisi prezident Donald Trampa ölkəyə daxil olan ziyarətçilər və immiqrantlara tətbiq olunacaq yeni standartlar təklif edib.

Altı müsəlman ölkəsindən gələn ziyarətçilərə tətbiq olunan müvəqqəti məhdudiyyətlər şənbə günü başa çatacaq. Prezident isə hələ də bununla bağlı yeni qərarını açıqlamayıb. Cümə günü müxbirlərlə telefonda danışan Ağ Ev və digər üç federal agentliyin rəsmiləri ABŞ rəsmiləri ilə həftələrdir davam edən danışıqlara baxmayaraq yeni standartlara əməl etməyən ölkələrin adını çəkməyib: “Hər bir ölkə yeni qaydalar barədə məlumatlandırılıb”, deyə milli təhlükəsizlik naziri Mayls Teylor bildirib.

Rəsmilər həmçinin yeni qaydalar barədə konkret məlumat paylaşmaqdan imtina edib, lakin yeni standartları şəxsiyyət sənədlərinin keyfiyyəti və aktiv bir şəkildə terrorçular barədə məlumat paylaşan ölkələrlə əlaqələndirib. Rəsmilər prezidentin yeni qanunun hansı ölkələrə təsir göstərəcəyi, eləcə də həmin ölkələr qanuna riayət etmədiyi təqdirdə hansı tədbirlərin görüləcəyi ilə bağlı qərarını nə zaman açıqlayacağını deməyib. Səyahət qadağasının hər zaman müvəqqəti olacağı nəzərdə tutulmuşdu və bu, Milli Təhlükəsizlik Nazirliyinə xarici səyahətçilərlə bağlı məlumat toplamaq və onların yoxlanışına dair hesabat hazırlamaq üçün 90 gün vermişdi. Həmin hesabat bu yaxınlarda Ağ Evə təqdim edilib.

Ali Məhkəmənin məhdudiyyətləri

Trampın ABŞ-a səyahəti məhdudlaşdıran sərəncamı ilk dəfə olaraq yanvar ayında qüvvəyə minmişdi və daha sonra ölkə boyu hava limanlarında böyük etirazlara səbəb olmuşdu. Bundan bir həftə sonra federal hakim səyahət qadağasının qarşısını almışdı. İyun ayında isə Ali Məhkəmə mübahisəli qanunun həyata keçə biləcəyini desə də, ABŞ-da yaxın qohumları və ya biznes əlaqələri olan altı müsəlman ölkəsindən səyahətçilərin ölkəyə daxil ola biləcəyini qeyd edib.

Səyahət qadağasının bir hissəsi bazar günü başa çatsa da, qaçqınlara tətbiq olunan 120 günlük qadağa hələ 30 gün sonra başa çatacaq. Ondan öncə isə Ali Məhkəmə səyahət qadağasının qanuna uyğun olub-olmadığına dair iddiaları dinləyəcək. Səyahəti məhdudlaşdıran yeni tədbirlərin ali məhkəmənin qərarına təsir edəcəyi gözlənilir. (Amerikanın Səsi)