XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

27 September 2017 - 04:45

İranda “Telegram” rəhbərliyi cinayətdə suçlanır –Pavel Durov ittihamlardan təəccüblənib

İranın xəbər agentlikləri bildirirlər ki, Tehran prokurorları Rusiya sosial şəbəkə maqnatı Pavel Durovun yaratdığı populyar "Telegram" platformasının “menecmentinə” qarşı cinayət ittihamları irəli sürüblər.

Prokuror Abbas Cəfəri Dövlətabadi deyib ki, bu cinayət işi "Telegram" aplikasiyasının uşaq pornoqrafiyasının və İŞİD də daxil ekstremist təşkilatlara aid materialların yayılmasında iddia edilən rolundan qaynaqlanıb.

Sentyabrın 26-da yarımrəsmi ISNA xəbər agentliyi ədliyyəyə bağlı "Mizan" saytına istinadən bildirib ki, prokurorluq bu işlə bağlı konkret şəxslərin adlarını çəkməyib.

Durovun əsasını 2013-cü ildə qoyduğu "Telegram" bir çox iranlılar tərəfindən mesajlaşma və xəbər mübadiləsi üçün istifadə edilir. Durov aprel ayında demişdi ki, "Telegram"ın İranda təxminən 40 milyon fəal istifadəçisi var.

İranın media qurumları və ölkə siyasətçilərinin "Telegram"da öz kanalları var.

Durov sentyabrın 26-da deyib ki, o, bu ittihamlardan təəccüblənib və “əsas səbəbin uşaq pornoqrafiyası və ekstremizmdən fərqli” olduğuna inanır.

Durov özünün Tvitter hesabından yazıb ki, “biz İranda terrorçu və pornoqrafik materialların bloklanması üçün fəal çalışırıq”.

İran, sosial media da daxil on minlərlə internet saytlarını fəal filtrləyən sərt senzura qaydaları tətbiq edir.

ISNA agentliyinin verdiyi məlumata görə, Dövlətabadi deyib ki, “Qərb qanunu” "Telegram" məsələsinə şamil edilmir və bu iş Tehran prokurorluğunun beynəlxalq işlər departamentinə ötürülüb. 

İranın şəxsən Durova qarşı ittiham irəli sürüb-sürmədiyi bilinmir.

Rusiyada "VKontakte" sosial şəbəkəsinin yaradıcısı olan qapalı xaraktreli Durov Rusiyanı bir neçə il əvvəl tərk edib.

Mart ayında İranın hakimiyyət orqanları populyar islahatyönlü və hökumətpərəst "Telegram"ın 12 menecerini həbs etmişdi. O zaman bəzi tənqidçilər bunu qarşıdan gələn prezident seçkilərinə “hazırlıq” kimi qiymətləndirmişdilər. Lakin ikinci müddətə prezident seçilən Həsən Ruhani bu həbsləri tənqid etmişdi.

azadliq.org