XƏBƏR LENTİ

02 İyun 2020

Digər Xəbərlər

27 Sentyabr 2017 - 16:15

Kataloniyalıların 41 faizi müstəqilliyə“hə”, 49 faizi “yox” deyir

Kataloniyada oktyabrın 1-nə təyin olunmuş referendum ərəfəsində keçirilən rəy sorğularına əsasən, muxtariyyətin müstəqilliyini dəstəkləyənlər azlıq təşkil edir.

Azərtac RİA Novosti informasiya agentliyinə istinadla xəbər verir ki, sorğularda iştirak edən kataloniyalıların 41 faizi regionun müstəqilliyinə tərəfdar olduğu halda, 49 faizi bunu istəmir.

Muxtar regionun statusu haqqında referendumun özünə gəlincə, sakinlərin 80 faizi onun keçirilməsinə tərəfdardır. Bununla belə, əksəriyyət hesab edir ki, səsvermə keçirilməsi İspaniyanın mərkəzi hakimiyyət orqanları ilə razılaşdırılmalıdır. Digər tərəfdən, respondentlərin 60 faizinin fikrincə, yerli hökumətin oktyabrın 1-də keçirməyə hazırlaşdığı səsvermə legitim deyil və hər hansı hüquqi nəticələrə gətirib çıxarmayacaq.

Xatırladaq ki, rəsmi Madridin kəskin etirazlarına və İspaniya Konstitusiya Məhkəməsinin qadağasına baxmayaraq, Kataloniya hökuməti muxtariyyətin müstəqilliyi barədə səsvermənin keçirilməsində israrlıdır. İspaniya mülki qvardiyasının sentyabrın 20-də Barselonada apardığı xüsusi əməliyyatlardan sonra regionda vəziyyət gərginləşib. Əməliyyatlar nəticəsində 14 nəfər saxlanılıb (onların hamısı sonradan sərbəst buraxılıb), 41 məntəqədə axtarış aparılıb və referendum üçün nəzərdə tutulan 10 milyon bülleten müsadirə edilib. Səsvermə ərəfəsində isə Kataloniyaya əlavə polis qüvvələri yeridilib.