ABŞ Dövlət Departamenti bütün qeyri-zəruri diplomatik heyəti Kubadan çıxaracağını bəyan edib. Departament bu addımı Havanada Amerika diplomatlarınnın “səhhətinə hücum”-dan sonra atır.
Çinə yolə düşən Dövlət Katibi Reks Tillerson cümə günü açıqladığı bəyanatda bildirib ki, ABŞ Kuba ilə diplomatik münasibətləri saxlayacaq, lakin Amerika diplomatlarının səhhəti və durumu hər şeydən öndə gəlir: “Kuba hökuməti bizim həmin ölkədəki diplomatlarımızın təhlükəsizliyinə zəmanət verməyənədək səfirliyimiz yalnız minimum sayda diplomatlarla fəaliyyətini davam etdirəcək,” o deyib.
Dövlət Katibi əlavə edib ki, ABŞ diplomatlarına edilən hücumun mahiyyəti naməlum qalır: “Zərər çəkmiş adamlarda müxtəlif növ fiziki simptomlar nəzərə çarpır ki, bunların sırasında qulaq ağrısı, eşitmə qabiliyyətinin itirilməsi, baş gicəllənməsi, başağrısı, yorğunluq, koqnitiv problemlər və yuxusuzluq yer alır,” Tillerson bildirib.
Dövlət Departamenti rəsmiləri bu arada bütün ABŞ vətəndaşlarına Kubaya səfər etməməyi tövsiyə edirlər, çünki ABŞ səfirliyi işçilərinə edilən hücumlar Havanadakı otellərdə baş verib. Digər hücumların diplomatik iqamətgahlarda baş verdiyi güman edilir.
Rəsmilər hələ də təhqiqatın davam etdiyini deyirlər. Üçüncü ölkənin hücumların araxsında ola biləcəyi haqda suala cavabda rəsmilər heç nəyi təsdiq yaxud inkar etməyiblər. Dövlət Departamentinin sözçüsü Heather Nauert Federal Təhqiqatlar Bürosunun (FBI) araşdırmaya rəhbərlik etdiyini deyib.