XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

14 Oktyabr 2017 - 12:54

Almaniya XİN başçısından maraqlı təklif:"Müsəlman bayramı günü təsis olunsun"

AFR-də hələ fəaliyyətdə olan hökumətin daxili işlər naziri Tomas de Mezyer bu ölkədə müsəlmanlar üçün bayram günü təsis olunmasını mümkün hesab edib.

Azərtac xəbər verir ki, Xristian Demokratlar İttifaqı (XDİ) mühafizəkar partiyasının nümayəndəsi və ölkənin daxili işlər naziri Tomas de Mezyerin dediyi “Müsəlmanların yığcam yaşadığı bölgədə müsəlmanlar üçün bayram günü təsis olunması barədə fikirləşmək olmazmı?” sözləri Almaniya cəmiyyətində kəskin diskussiyaya səbəb olub.

De Mezyerin bu gözlənilməz bəyanatı onun öz partiyasında yüngülvarı siyasi silkələnməyə səbəb olub. Nazir bu sözləri Bundestaqa seçkilərdən az sonra deyib. Xatırladaq ki, Almaniyada hakim “böyük koalisiya”nın iştirakçısı olan XDİ/XSİ bloku həmin seçkilərdə ciddi itkilərə məruz qalıb.

Hazırda daha bir mövzu ətrafında qızğın debatlar gedir: xristian demokratlar özlərinin ənənəvi mühafizəkar mövqelərindən çox uzaqlaşmayıblarmı? Belə bir məqamda de Mezyer çox incə bir mövzuya toxunub.

Digər tərəfdən, nazirin qeyd-şərtləri və mövcud praktika bu gözlənilməz təklifi yumşaldır. Məsələn, katoliklər noyabrın 1-də qeyd edilən “Bütün Müqəddəslər Günü” bayramında dünyasını dəyişmiş doğmalarının xatirəsini yad edirlər. Almaniyada bu bayram ölkənin hər yerində deyil, yalnız katoliklərin yığcam şəkildə yaşadığı bölgələrdə qeyd olunur. İdeal halda de Mezyer müəyyən regionlarda yaşayan müsəlmanlar üçün məhdud bir bayram təsəvvür edir. Əslində Almaniyada əyalətlər səviyyəsində islam bayramları üçün qanunvericilik yolu ilə təsbit olunmuş praktika mövcuddur. Məsələn Berlində, Hamburqda və Bremendə müsəlman məktəblilər həftədə bir gün dərslərdən azad olmaq hüququna malikdir.

İşləyən müsəlmanlara məscidə getmək və ya iş yerini tərk etmədən dua etmək üçün imkan yaradılır. Berlində bu cür qaydalar Ramazan və Qurban bayramlarına, Hamburqda və Bremendə isə Aşura gününə də aid edilir.