Banqladeşdə vəhşi filin rohincalıların qaçqın düşərgəsinə hücumu nəticəsində ən azı 4 nəfər həlak olub.
Azərtac Bdnews24 portalına istinadla xəbər verir ki, hadisə oktyabrın 14-də səhər saatlarında Koks-Bazar dairəsində baş verib.
Bundan əvvəl də rohinca qaçqınları ilə bağlı oxşar hadisə baş vermişdi. Sentyabrın ortalarında fillər iki rohincalını tapdayaraq öldürmüşdü.
Qeyd edək ki, avqustun 25-də Myanmanın qərbində yerləşən və rohinca müsəlmanlarının yaşadığı Rakhayn ştatında vəziyyət yenidən kəskinləşib. Myanma ordusu və silahlıların hücumları nəticəsində minlərlə müsəlman vəhşicəsinə öldürülüb, 200-ə yaxın kənd isə yer üzündən silinib. 1970-ci illərdən bu yana müntəzəm hücumlar və etnik təmizləmələr səbəbindən Myanmada sayları 2 milyondan çox olan müsəlmanların 84 faizi qonşu ölkələrə sığınmaq məcburiyyətində qalıb.
Miqrasiya üzrə Beynəlxalq Təşkilatın məlumatına əsasən Banqladeşin Koks-Bazar dairəsinə hər gün təxminən 2 min rohinca qaçqını gəlir. Hazırda bu ölkədə yerləşən 2 qaçqın düşərgəsində 800 min nəfərdən artıq rohincalı var.