XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

21 Oktyabr 2017 - 21:04

Çində 6 məmur dövlət çevrilişi ittihamıyla həbs edilib –Çin Kommunist Partiyası daxilində münaqişə

Çinin Qiymətli Kağızlara Nəzarət üzrə Dövlət Komitəsinin sədri Lyu Şiyuy bəyan edib ki, yüksək səlahiyyətli altı keçmiş məmur Kommunist Partiyasının lideri Si Tzinpini vəzifəsindən kənarlaşdırmağı planlaşdırıblar.

BBC yazır ki, Lyunun adını çəkdiyi məmurlar Si Tzinpinin həyata keçirdiyi genişmiqyaslı antikorrupsiya kampaniyası çərçivəsində həbs ediliblər.

O, 2015-ci ildə ömürlük həbs cəzasına məhkum edilən Çinin keçmiş İctimai Təhlükəsizlik naziri Çjoy Yunkanın adını xüsusilə qeyd edib.

Lyunun adını çəkdiyi məmurların arasında həmçinin 2013-cü ildə ömürlük həbs edilən, sənaye mərkəzi Çuntsinin partiya təşkilatının keçmiş rəhbəri olan Bo Silay və bu ilin iyul ayında saxlanılan, bütün partiya vəzifələrindən məhrum edilən, Siyasi Büronun keçmiş üzvü Sun Çjentsay da var.

Cümə axşamı Pekində keçirilən Çin Kommunist Partiyasının XIX qurultayı çərçivəsində, komitənin iclasında çıxış edərkən komitə sədri Lyu Şiyuy bildirib ki, adını çəkdiyi məmurlar “həddindən artıq acgöz və korrupsiyalaşmış olublar, onlar partiya və dövlət hakimiyyəti üzərində nəzarəti ələ keçirməyi planlaşdırıblar”.

Lyu həmçinin 2015-ci ildə həbs edilən Lin Tsixuanın, elə həmin ildə vəfat edən ordu generalı Syuya Tsayxoyun və keçən il rüşvətxorluqda ittiham edilərək, ömürlük həbs cəzası verilən general-polkovnik Qo Bosyunun da adını çəkib.

Lakin Lyunun çıxışından aydın olmayıb ki, o, adı çəkilən məmurların iştirak etdiyi bir sui-qəsddən, yoxsa bir neçə çevriliş cəhdindən danışır. Lyu bəyan edib ki, “Si Tzinpin bu problemlərin öhdəsindən gəlib, partiya və ölkəyə yönəlik çox təhlükəli gizli təhdidi ortadan qaldırbdır”.

Si Tzinpinin hakimiyyətə gəlməsindən az sonra başlayan antikorrupsiya kampaniyası çərçivəsində üç il ərzində milyona yaxın məmura qarşı korrupsiya ittihamı irəli sürülüb.

Bir sıra müşahidəçilər fərz edirdilər ki, Si kampaniyadan partiyadaxili hakimiyyətini möhkəmləndirmək üçün istifadə edir. Əvvəllər onun özü Çin Kommunist Partiyası daxilində təsir uğrunda mübarizə aparıldığını inkar edirdi. Lakin BBC-nin müxbiri Maykl Bristounun sözlərinə görə, bununla belə Lyunun açıqlaması kommunist partiyası daxilində münaqişənin mövcud olması haqqındakı şübhələri təsdiqləyir.

Xatırladaq ki, çərşənbə günü Pekində Çin Kommunist Partiyasının qurultayı işə başlayıb. Belə qurultaylar beş ildən bir keçirilir.