XƏBƏR LENTİ

11 Dekabr 2019
10 Dekabr 2019

Digər Xəbərlər

28 Oktyabr 2017 - 12:48

Tramp söz verdi- Kennedinin qətli ilə bağlı bütün sənədləri açıqlamağa

ABŞ lideri Donald Tramp ölkənin 35-ci Prezidenti Con Kennedinin qətli ilə bağlı bütün sənədləri dərc etməyə söz verib.

Azərtac xarici KİV-lərə istinadla xəbər verir ki, Prezident bu addımı “böyük açıqlıq, şəffaflıq səbəbindən” və gizli razılaşma barədə bütün fərziyyələrə son qoymaq məqsədi ilə atdığını deyib.

“Ağ ev aparatının başçısı general Con Kelli, Mərkəzi Kəşfiyyat İdarəsi və digər qurumlarla ciddi müzakirələrdən sonra hələ sağ olan insanların adları və ünvanları istisna olmaqla, Kennedinin qətli ilə bağlı bütün sənədləri dərc edəcəyəm”, – Tramp özünün “Twitter” səhifəsində belə yazıb.

Xatırladaq ki, oktyabrın 26-da Birləşmiş Ştatlarda Kennedinin ölümünə dair 3 minə yaxın sənəd açıqlanıb. 2891 sənəddən ibarət məlumatlar bazası milli arxivlərin saytlarında yerləşdirilib. Bundan əvvəl, iyulun 24-də isə həmin işlə bağlı 3,9 min sənəd dərc olunmuşdu.

Con Ficerald Kennedi 1960-cı ildə 43 yaşında ABŞ-ın ən gənc prezidenti olub. Onun prezidentliyi dövründə Berlin böhranı, Kubanın raket böhranı baş verib, ABŞ Kubada Fidel Kastro hökumətini devirməyə çalışıb, Cənubi Vyetnama qoşun göndərilməsi prosesinə start verilib.

Kennedi 1963-cü il noyabrın 22-də Dallasa (Texas ştatı) səfəri zamanı qətlə yetirilib. Hadisəni təhqiq edən hökumət komissiyası qətlin təklikdə fəaliyyət göstərən Li Harvi Osvald tərəfindən törədildiyi qənaətinə gəlib. İki gündən sonra Osvaldın özü də federal həbsxanaya göndərilən zaman polis məntəqəsinin qarşısında öldürülüb.

Lakin rəsmi versiya bir çoxları tərəfindən qəbul olunmayıb. Tarixçi Ceyms Tetserin sözlərinə görə, ekspertlər tərəfindən toplanılan dəlillər sui-qəsd zamanı Kennedi istiqamətində müxtəlif nöqtələrdən ümumilikdə 6 güllə atıldığını göstərir.