Braziliya Prezidenti Mişel Temer oktyabrın 28-nə keçən gecə uroloji xəstəlikdən əməliyyat olunub.
Azərtac TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat xidməti bəyanat yayıb. “Əməliyyat uğurla keçib. Prezident intensiv terapiya palatasında sağlamlığını bərpa edir”, – bəyanatda belə deyilir.
Hazırda Temer San-Paulu şəhərindəki ölkədə ən yaxşı xəstəxanalardan sayılan Suriya-Livan hospitalında müalicə alır.
Braziliya liderinin səhhətinın pisləşməsi parlamentin aşağı palatasında onun cinayətkar birliyin təşkili və qanuna maneə yaratma ittihamı məsələsi üzrə səsvermə ilə üst-üstə düşüb. Deputatlar Temer barəsində məhkəmə çəkişməsinin davam etdirilməsinə qarşı çıxıblar.
Xatırladaq ki, 2016-cı il avqustun 31-də braziliyalı senatorlar səs çoxluğu ilə prezident Dilma Russefin impiçmenti üzrə təşəbbüsü dəstəkləmişdi. Bundan sonra isə əvvəlki administrasiyada ölkənin vitse-prezidenti postunu tutan Mişel Temer rəsmən dövlət başçısı vəzifəsinə yüksəlmişdi.