XƏBƏR LENTİ

27 Yanvar 2021

Digər Xəbərlər

04 Noyabr 2017 - 11:17

Con Kennedinin qətli ilə bağlı daha 700-ə yaxın sənəd dərc edilib- ABŞ Milli Arxivinin saytında

ABŞ-ın 35-ci prezidenti Con Kennedinin 1963 ildə qətli ilə bağlı daha 700-ə yaxın sənəd dərc edilib.
 

APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi xəbərə görə, əvvəllər məxfi olan sənədlər ABŞ Milli Arxivinin saytında dərc olunub. 
 
Sənədlərin əksəriyyətini Mərkəzi Kəşfiyyat İdarəsi təqdim edib. Digər sənədlər Ədliyyə Nazirliyi, Pentaqon və qətllə əlaqədar yaradılmış Nümayəndələr Palatasının xüsusi komissiyasına aiddir.  Onların arasında qətli törədən Li Harvi Osvaldın Rusiyanın Mexikodakı səfirliyi ilə apardığı telefon danışığının səs yazısı da var.
 
İyulun 24-dən etibarən ABŞ Milli Arxivi Con Kennedinin qətli ilə bağlı sənədləri dərc edir. 2018-ci ilin aprelinədək daha bir neçə min sənədin dərc olunacağı nəzərdə tutulub.   
 
ABŞ prezidenti Donald Tramp bundan əvvəl cəmiyyətin qətllə bağlı daha dolğun məlumatlandırılmalı olduğunu bildirmişdi. Bununla belə, D.Tramp milli təhlükəsizlik baxımından mətnlərin müvafiq qurumlar tərəfindən redaktə olunacağını istisna etməyib.