XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

05 Noyabr 2017 - 16:01

Tatarıstanda dil qalmaqalı –Tatar dilinin məcburi tədrisi qanunsuz elan edildi

Rusiyada muxtariyyət statusuna malik Tatarıstan Respublikasında orta məktəblərdə tatar dilinin tədrisi ilə bağlı qalmaqal yaşanır.

 “RİA Novosti” agentliyinin verdiyi məlumata görə, Tatarıstan Prokurorluğu Tatarıstan Təhsil və Elm Nazirliyinin noyabrın 3-də hazırlayaraq yaydığı ibtidai, ümumi və orta təhsil müəssisələrində tatar dilinin öyrənilməsinin məcburi olması barədə metodiki tövsiyəsini qanunsuz sayıb.

Tatarıstan Prokurorluğunun yaydığı məlumatda metodiki tövsiyənin Rusiyanın federal qanunvericiliyinə və standartlarına uyğun olmadığı qeyd edilib. Prokurorluq hesab edir ki, regional Təhsil və Elm Nazirliyi öz səlahiyyətlərindən kənara çıxıb. Tatarıstan Prokurorluğu Tatarıstan baş naziri Aoeksey Pesoşina müraciət edib. Müraciətdə metodiki tövsiyənin təcili ləğv edilməsi, məsul vəzifəli şəxslərin inzibati məsuliyyətə cəlb olunması tələb edilib. Eyni zamanda qərar qəbul edilməsi üçün toplanmış materialların istintaq orqanına göndəriləcəyi bildirilib.

Qeyd edək ki, Tatarıstan Təhsil və Elm Nazirliyi sentyabrda tatar dilinin təhsil müəssisələrində öyrənilməsi məsələsinə münasibət bildirib. Nazirlik bildirib ki, Rusiya Federasiyasının Konstitusiyası subyektlərin dövlət dili hüququnu tənzimləyir. Tatarıstan Konstitusiyasında da rus və tatar dilləri dövlət dili statusunda təsbit olunub. Tatarıstan Təhsil və Elm Nazirliyi buna görə tatar dilinin Tatarıstandakı bütün təhsil müəssisələrində mütləq öyrənilməli olan fənlər sırasında olduğunu açıqlayıb. Nazirlik tatar dilinin öyrənilməsi metodika və texnologiyasının hazırlanmasının başa çatdırılması üzərində iş getdiyini də bildirib. (APA)