XƏBƏR LENTİ

26 Yanvar 2021

Digər Xəbərlər

07 Noyabr 2017 - 19:26

NATO-nun baş katibi:"Əfqanıstanda hərbçilərin sayı 16 minədək artırılacaq"

Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO) 2018-ci ildə Əfqanıstandakı qeyri-döyüş missiyasının sayını 13 mindən 16 minədək artıracaq.

Bu barədə NATO-nun baş katibi Yens Stoltenberq Alyansın müdafiə nazirlərinin noyabrın 8-9-da Brüsseldə keçiriləcək toplantısından əvvəl təşkil edilən mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, hərbi heyətin sayının artırılması Əfqanıstan qüvvələrinin təlim və məşq keçməsinin təmin olunmasına istiqamətlənib.

"Bu qüvvələrin, təxminən, yarısını ABŞ, qalan hissəsini isə NATO-nun müttəfiqlərinin təmin edəcəyini gözləyirik", – Y.Stoltenberq vurğulayıb.

Qeyd edək ki, NATO üzvü olan ABŞ avqust ayında Əfqanıstanda Amerika siyasəti üzrə yeni strategiyasını təqdim edib. Həmin strategiyaya əsasən, ABŞ-ın Əfqanıstandakı hərbi qüvvələrinin səlahiyyətləri terrorizmlə mübarizə üçün genişləndiriləcək. Bundan başqa, Vaşinqton Əfqanıstandakı hərbi kontingentinin sayı və hərbi əməliyyatların planları barədə məlumat verməyəcək/Report.