Çinin “Beijing Automotive İndustry Holding Co., Ltd” (BAİC) şirkəti Meksikadakı zavodunda yığılan avtomobilləri 2018-ci ildən ABŞ və Kanada bazarlarına da ixrac etməyi planlaşdırır.
Azərtac BAİC-in Meksika üzrə baş direktoru Yan Nanxuaya istinadla xəbər verir ki, “Şimali Amerika azad ticarət razılaşması”nın icrasında hər hansı problem yaranmazsa, ixrac həyata keçiriləcək. “Biz əminik ki, Meksika təkcə böyük satış potensialı olan bazar deyil, həm də digər ölkələrə ixrac üçün strateji qovşaq rolunu oynayır”, – deyə Yan Nanxua bildirib. O, gələn ildən BAİC-in Meksika bazarına 4 yeni model, o cümlədən bir dəfəyə yığdığı enerji ilə 200 kilometr məsafə qət edə bilən elektrik avtomobillərini gətirəcəyini bəyan edib.
BAİC hazırda Meksikadan başqa, Kolumbiya, Çili, Braziliya, Peru və Venesuelaya avtomobil və ehtiyat hissələri ixrac edir.
Qeyd edək ki, Çinin dövlət kapitallı avtomobil və sənaye avadanlığı istehsalçısı olan BAİC avtomobil buraxılışına görə 4-cü ən böyük yerli şirkətdir. BAİC minik avtomobilləri ilə yanaşı, BAW markası ilə hərbi məqsəd üçün nəqliyyat vasitələri, “Foton” markası ilə yük avtomobilləri, avtobus və kənd təsərrüfatında istifadə olunan texnika buraxır. Şirkət bundan başqa, Almaniya və Cənubi Koreyanın müvafiq korporasiyaları ilə yaradılan birgə müəssisələri vasitəsilə “Mercedes” və “Hyundai” avtomobillərinin Çində yığımını və satışını təşkil edir.