XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

02 Dekabr 2017 - 14:43

Prokurorluq:"Pralyakın Haaqa tribunalında içdiyi zəhər kalium sianid olub"

Bosniya xorvatlarının sabiq generalı Slobodan Pralyakın ölümünə kalium sianid zəhərlənməsi səbəb olub. Cəsəd yarıldıqdan sonra niderlandlı patoloji anatomiya ekspertlərinin çıxardığı ilkin nəticə belədir.

Azərtac BBC telekanalına istinadla xəbər verir ki, bu barədə Niderland prokurorluğu məlumat yayıb. Müstəntiqlər hazırda Pralyakın zəhəri necə əldə etdiyini, onu Haaqa tribunalının binasına necə gətirdiyini aydınlaşdırmağa çalışırlar.

Xatırladaq ki, 20 il həbs cəzasına məhkum edilən Pralyak apelyasiya şikayəti barədə Haaqa tribunalında dinləmələr zamanı nümayişkaranə şəkildə zəhər içib. Zəhər ürək çatışmazlığına səbəb olub və müttəhimin ölümü ilə nəticələnib.

Haaqada keçmiş Yuqoslaviya üzrə beynəlxalq tribunal daxili təhqiqata başlayıb və onu ilin sonuna qədər yekunlaşdırmaq istəyir. Əsas dıqqət Pralyakın zəhəri necə əldə etməsinə yönələcək.

Niderland polisi də 72 yaşlı generalın ölümü ilə bağlı təhqiqat aparır.

Bir qədər əvvəl məhkəmə “Herseq Bosna” adlandırılan qurumunun rəhbərliyindən olan üç müttəhim barəsində 2013-cü ildə çıxarılmış hökmü təsdiqləyərək, sabiq hökumət başçısı Yadranko Prliçə 25 il, müdafiə naziri Bruno Stoyiçə və general Slobodan Pralyaka 20 il həbs cəzasını qüvvədə saxlayıb.

Onların hər üçü Bosniya və Herseqovinada 1990-cı illərdə baş verən müharibə zamanı insanlıq əleyhinə cinayətlərdə təqsirkar bilinir. Prliç və silahdaşları müsəlmanların təqibində, qətllərində və deportasiyasında, həmçinin Mostarda Osmanlı imperiyası zamanında tikilmiş qədim körpünün dağıdılmasında ittiham olunurlar.

Tribunalda nə baş verib

Məhkəmə iclasında Pralyakın hökmünə yenidən baxılması imkanları müzakirə olunurdu. Hakimin qərarını dinləyən bosniyalı xorvatların generalı Slobodan Pralyak ayağa qalxaraq kameralar qarşısında xorvat dilində bir neçə söz deyərək, içərisində naməlum maye olan şüşəni başına çəkib və zəhər içdiyini bildirib.

Məhkəmənin sədri iclası yarımçıq kəsib və zala həkimləri çağırıb. Hospitala aparılan Pralyak orada ölüb.

Mayeni içməzdən öncə sabiq general belə deyib: “Slobodan Pralyak hərbi cani deyil. Mən bu prosesdən ikrah hissi keçirirəm və sizin hökmünüzə nifrət edirəm”.

Bu hadisə Haaqa tribunalı tarixində ilk belə hal deyil. Hərbi cinayətlərdə ittiham olunan bosniyalı serb Slavko Dokmanoviç 1998-ci ildə kamerasında özünü asıb. Serbiyalı Milan Babiç 2006-cı ildə saxlandığı kamerada özünə sui-qəsd edib.