Prezident Donald Tramp Birləşmiş Ştatların Qüdsü İsrailin paytaxtı kimi tanıdığını və ABŞ səfirliyinin buraya köçürəcəyini bildirməsindən sonra Dövlət Departamenti xarici ölkələrə səfər edən amerikalılara dünya səviyyəsində ehtiyatlı olmaq barədə xəbərdarlıq yayıb.
İsrail də daxil olmaqla xüsusi əhəmiyyət kəsb edən ölkələr Trampın açıqlamasından sonra mümkün ola biləcək etirazlar və qarşıdurmalara hazır olmaq üçün bir çox yerlərdə qoşun sayını artırıb. ABŞ Baş Konsulluğu dövlət işçiləri və onların ailələrinə mümkün nümayişlərə çağırış səbəbindən Qüdsün köhnə şəhərinə, İordan çayının qərb sahilinə və Betlehem ərazilərinə səfər etməməyi məsləhət görüb.
Həmçinin, ABŞ vətəndaşlarına başqa ölkələrə də səyahət edərkən diqqətli olmaqları və təhlükəsizlik barədə məlumatlılığı artırmaqları tövsiyə edilib. ABŞ prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı kimi tanımaq qərarı ərəb dünyası, eləcə də Avropa və digər regionlarda tənqidlə qarşılanıb. Çərşənbə günü çıxışı zamanı Tramp sələfləri ABŞ-ın İsrailə 22 il öncə verdiyi sözü tutmadığına görə, bu qərarını “gecikmiş addım” adlandırıb. Lakin Qüdsün statusu mübahisəli bir məsələdir və çoxları bu məsələnin israillilər ilə fələstinlilər arasında müzakirə olunmalı olduğuna inanır. (Amerikanın Səsi)
Fələstinlilər və onların tərəfdarları ABŞ prezidentinin Qüdsü İsrailin paytaxtı olaraq tanımaq qərarını qəzəblə qarşılayıb.