XƏBƏR LENTİ

02 İyun 2020

Digər Xəbərlər

13 Dekabr 2017 - 20:03

Vaşinqton-Pxenyan münasibətlərində gözlənilməz dəyişiklik- ABŞ ilkin şərt irəli sürmədən danışıqlara başlamağa hazırdır

Vaşinqton və Pxenyanın münasibətlərində gözlənilməz dəyişiklik baş verib. ABŞ-ın dövlət katibi Reks Tillerson ilkin şərt irəli sürmədən KXDR-lə danışıqlara başlamağa hazır olduqlarını deyib. Halbuki ötən həftə Dövlət Departamentinin mətbuat xidmətinin başçısı Hezer Nauert Şimali Koreya ilə yalnız nüvə silahı istehsalından imtina edəcəyi təqdirdə birbaşa danışıqların mümkünlüyünü bildirmişdi.

Azərtac Euronews telekanalına istinadla xəbər verir ki, KXDR-in nüvə silahı istehsalından dərhal imtina etməsi barədə ABŞ-ın şərti hələ qüvvədədir. Bir qədər əvvəl BMT baş katibinin siyasi məsələlər üzrə müavini Ceffri Feltman Pxenyanda Şimali Koreyanın Xarici İşlər Nazirliyinin nümayəndələri ilə görüşüb. Feltmanın sözlərinə görə, qarşı tərəf müharibənin qarşısının alınması fikri ilə razılaşıb, lakin ABŞ-la danışıqlar məsələsində heç bir vəd verməyib.

Ceffri Feltmanın missiyası KXDR hökumətini Koreya yarımadasında gərginliyin şiddətlənməsi riskini azaltmaq üçün əlaqə kanallarını açmağın vacibliyinə inandırmaq olub. O, həmçinin vəziyyətin yalnız diplomatik yolla həlli barədə BMT-nin mövqeyini diqqətə çatdırıb və Təhlükəsizlik Şurasının qətnamələrinə tam əməl olunmasının vacibliyini qeyd edib.