XƏBƏR LENTİ

02 İyun 2020

Digər Xəbərlər

18 Dekabr 2017 - 20:09

BMT Qüdsə dair bütün qərarları etibarsız elan etməyi planlaşdırır –"The Independent”

BMT Təhlükəsizlik Şurası ABŞ prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı kimi tanımaq qərarından bir neçə gün sonra bu şəhərin statusuna aid bütün qərarları etibarsız elan etməyi planlaşdırır.

Bu barədə "The Independent" qəzeti yazıb. 15 üzvü olan Təhlükəsizlik Şurası hazırda Qüdsün statusu haqqında müxtəlif ölkələr tərəfindən qəbul edilmiş bütün qərarları etibardan salacaq qətnamə layihəsini nəzərdən keçirir. Bu qətnamə layihəsində bütün ölkələrdən Müqəddəs şəhər Qüds/Yerusəlim barədə qərarları BMT-nin qətnamələrindən çıxış edərək qəbul etmək tələb edilir. Bu qətnamə layihəsində Trampın adı xüsusi olaraq çəkilmir.

Reuters agentliyinin məlumatına görə, cəmi bir səhifəlik qətnamə layihəsi "Müqəddəs Qüds şəhərinin xarakter, status və demoqrafik tərkibini dəyişməyə yönəlmiş bütün qərarları qeyri-legitim, etibarsız və hüquqi gücü olmayan qərarlar kimi xaraketrizə edir".

Qətnamə layihəsində habelə BMT-yə üzv öklələrdən Qüdsdə səfirlik açmamaları istənir. BMT hesab edir ki, Qüds "son və qəti statusu" İsrail və fələstinlilər arasında aparılacaq danışıqların məhsulu olmalıdır.

"The Independent" yazır ki, diplomatların dediyinə görə, Misir tərəfindən tərtib edilmiş qətnamə layihəsi geniş dəstəyə malikdir, amma çox güman Vaşinqton tərəfindən veto ediləcək. Təhlükəsizlik Şurasının beş daimi üzvü – ABŞ, Fransa, Britaniya, Rusiya və Çin veto hüququna malikdirlər. Bu isə o deməkdir ki, bu ölkələrin razılığı olmadan heç bir qətnamə qəbul oluna bilməz.

Tramp Qüdsün İsrailin paytaxtı kimi tanınmasına dair qərarını bu ayın əvvəllərində verib. Bu onun öz elektoratına seçki kampaniyası zamanı verdiyi əsas vədlərdən biri idi. Bu qərarda habelə ABŞ səfirliyinin Tel-Əvivdən Qüdsə köçürülməsi nəzərdə tutulub.

İsrail müsəlmanların Qüds adlandırdıqları Yerusəlimi öz dövlətinin əbədi və bölünməz paytaxtı hesab edir. Fələstinlilər isə şəhərin şərq sektorunun öz gələcək dövlətlərinin paytaxtı olmasını istəyirlər. İsrail Qüdsü tam olaraq 1967-ci il müharibəsində işğal və daha sonra ilhaq edib. İsrailin bu aktı dünya birliyi tərəfindən qəbul olunmayıb. Cənab Tramp özünün Qüds qərarı ilə Birləşmiş Ştatların 70 ildən çox müddətdə davam edən siyasi xəttini dəyişib və Amerikanın müttəfiqlərini hiddətləndirib. "The Independent" Ağ Ev və ABŞ-ın BMT-dəki missiyasından şərh ala bilmədiyini yazır. (BBC)