Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və kartelə daxil olmayan ölkələrin nümayəndələrindən ibarət Birgə Monitorinq Komitəsinin 2018-ci il üçün ilk iclasının vaxtı məlum olub.
Azərtac xəbər verir ki, Rusiyanın energetika naziri Aleksandr Novak OPEC+ Monitorinq Komitəsinin növbəti iclasının yanvarın 21-22-də keçiriləcəyini deyib. Nazir bildirib ki, iclasın Omanda keçirilməsi nəzərdə tutulur.
Xatırladaq ki, bu il noyabrın 30-da Vyanada baş tutan OPEC Nazirlər Şurasının 173-cü və OPEC+ ölkələrin 3-cü iclasları çərçivəsində neft hasilatının azaldılmasına dair sazişin müddətinin daha 9 ay – 2018-ci ilin sonunadək uzadılması barədə qərar qəbul olunub. OPEC və qeyri-OPEC ölkələrinin bu yeni razılaşmasına Azərbaycan da qoşulub.
Bu il mayın 25-də isə OPEC Nazirlər Şurasının 172-ci iclası çərçivəsində OPEC və qeyri-OPEC dövlətləri arasında neft hasilatının azaldılmasına dair sazişin müddətinin 2018-ci ilin birinci rübünün sonunadək uzadılması barədə razılıq əldə olunmuşdu.