XƏBƏR LENTİ

30 May 2020
29 May 2020

Digər Xəbərlər

28 Dekabr 2017 - 21:33

“The Washington Post” yazdı:"ABŞ kəşfiyyatı İŞİD liderinin taleyindən xəbərsizdir..."

ABŞ kəşfiyyatı İŞİD qruplaşmasının başçısı Əbu Bəkr əl-Bağdadinin taleyindən xəbərsizdir.

Bu məlumatı “The Washington Post” qəzeti yayıb.

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin və Milli Antiterror Mərkəzinin qəzetin müvafiq sorğusuna cavab verməkdən imtina etdiyi bildirilir.

Məqalədə daha sonra deyilir:

"Bağdadinin həlak olması barədə informasiya Londonda yerləşən və Suriyada geniş mənbə şəbəkəsinə malik qeyri-hökumət monitorinq təşkilatı tərəfindən hələ iyul ayında yayılmışdı. Lakin iraqlılar, əsasən də briqada generalı Yəhya Rəsul İŞİD başçısının sağ olduğuna əmindir. General noyabrın sonlarında ABŞ-ın Fox telekanalına müsahibəsində əl-Bağdadinin yaralandığını və Bağdaddan təxminən 370 kilometr məsafədə, Suriya ilə sərhəddə yerləşən Əl-Kaim şəhəri yaxınlığında səhralıqda gizləndiyini bildirib.

Dekabrın 17-də Pentaqon İŞİD başçısının ələ keçirildiyi və ABŞ-ın Suriyada yerləşən bazalarının birinə aparıldığı barədə Türkiyənin “Yeni Şafak” qəzetinin iddiasına cavab olaraq, Bağdadinin yerini bilmədiklərini və onu axtardıqlarını deyib.

İŞİD-in sirli fiquru – əsl adı İbrahim Avvad İbrahim əl-Bədri olan 46 yaşlı əl-Bağdadi iraqlıdır. O, Bağdadın iki universitetində dini təhsil alıb, doktorluq elmi dərəcəsinə yüksəlib. İki arvadı və azı 6 uşağı var.

Əl-Bağdadi sonuncu dəfə kütlə qarşısına 2014-cü ilin iyulunda İraqın Mosul şəhərindəki Ən-Nuri məscidində cümə namazı vaxtı çıxıb və Yaxın Şərqdə xilafətin qurulduğunu elan edib. Sentyabrın sonlarında onun “cihada davam etmək” barədə çağırışının səs yazısı İŞİD qruplaşması üzvləri arasında yayılıb. Ekspertlərin sözlərinə görə, bu, həqiqətən İŞİD başçısının səsi olsa da, səs yazısının nə vaxt yazıldığı məlum deyil.

Amerika kəşfiyyatı əl-Bağdadinin mobil telefondan istifadə etmədiyini bildirir. O, eyni yerdə 72 saatdan çox qalmır və cəmi iki cangüdənin müşayiəti ilə hərəkət edir.

ABŞ Dövlət Departamenti əl-Bağdadini hələ “Əl-Qaidə” hərəkatına bağlı olduğu vaxtdan xüsusi təhlükəli beynəlxalq terrorçu elan edib. 2011-ci il oktyabrın 4-də ABŞ hökuməti onun ələ keçirilməsinə və ya öldürülməsinə yardım edəcək informasiyaya görə 10 milyon dollar mükafat ayırıb. “Əl-Qaidə” lideri Üsamə bin Ladenin ölümündən iki il sonra – 2013-cü ildə əl-Bağdadi hərəkatla əlaqələrini kəsib.

2016-cı il dekabrın 16-da Dövlət Departamenti əl-Bağdadinin başına qoyulan mükafatı 25 milyon dollara qədər artırıb. Qeyd edək ki, Vaşinqton “Əl-Qaidə” hərəkatının hazırkı lideri Ayman əz-Zəvahirinin yerini bildirənə də eyni məbləğdə mükafat vəd edir.

Lakin bir vaxtlar başına 27 milyon dollar qoyulan bin-Ladeni, həmçinin Ayman əz-Zəvahirini və əl-Bağdadini hələ ki, satan olmayıb. Buna baxmayaraq, Dövlət Departamentinin 1984-cü ildən bəri həyata keçirdiyi “Rewards for Justice” proqramı qismən öz bəhrəsini verir. ABŞ-ın xarici siyasət idarəsinin saytında yerləşdirilən məlumata əsasən, Vaşinqton bu məqsədlər üçün 90 nəfərdən çox informatora ümumilikdə 145 milyon dollardan artıq pul ödəyib. Ən böyük məbləği isə 2003-cü ildə İraqın sabiq lideri Səddam Hüseynin oğulları Udey və Kuseyin yerini bildirən informator alıb – 30 milyon dollar. Onların hər ikisi Mosul şəhərindəki evlərdən birində ABŞ xüsusi təyinatlıları tərəfindən qətlə yetirilib".

Azərtac.az