“Samsung” şirkətinin bütün cihazları 2020-ci ilədək "Əşyalar interneti"nə qoşulma ilə təmin ediləcək və süni intellektə malik olacaq. Bu barədə Las-Veqasda keçirilən “CES 2018” Beynəlxalq Elektronika İstehlakçıları Sərgisində şirkətin prezidenti Ki Nam Kim məlumat verib.
Azərtac “life.ru” saytına istinadla xəbər verir ki, şirkət “Bixby” adlı səsli köməkçidə süni intellektin təkmilləşdirilməsini planlaşdırır. K.N.Kimin sözlərinə görə, 2020-ci ildə “Samsung” şirkətinin istehsalı olan hər bir cihaz süni intellektlə təchiz olunacaq və səsin köməyi ilə qurğular idarə ediləcək.
“Samsung Electronics” artıq “Bixby” səsli köməkçisini “Samsung TV”yə inteqrasiya edib. Smartfon və səsli köməkçi vasitəsilə televizoru idarə etmək mümkün olacaq.