XƏBƏR LENTİ

28 May 2020
27 May 2020

Digər Xəbərlər

10 Yanvar 2018 - 22:05

Malayziya 70 milyon dollar ödəməyə hazırdır- İtmiş təyyarənin tapılması üçün

Malayziya hökuməti “Malaysia Airlines” şirkətinin MH370 reysinin 90 gün ərzində tapılması üçün ABŞ-ın “Ocean Infinity Ltd.” şirkətinə 20 milyon dollardan 70 milyon dollaradək ödəməyə hazır olduğunu bildirib.

Azərtac Kyodo agentliyinə istinadla xəbər verir ki, bu barədə tərəflər arasında razılaşma yanvarın 10-da imzalanıb. Müqavilənin şərtlərinə görə, ABŞ şirkəti yanvarın ortalarında Hind okeanının cənubunda 25 min kvadratkilometr ərazini tədqiq edəcək.

Malayziyanın nəqliyyat naziri Liau Tionq Lay bildirib ki, “Ocean Infinity Ltd.” şirkəti təyyarənin parçalarını, reysin qeydiyyat qurğusunu və ya diktofon kabinəsini aşkar etməlidir.

Əgər ABŞ şirkəti təyyarənin qalıqlarını və ya “qara qutu”nu ilk 5 min kvadratkilometrdə aşkar edərsə, 20 milyon dollar, 10 min kvadratkilometrdə 30 milyon dollar, 10 min kvadratkilometrdən geniş ərazidə taparsa, 70 milyon dollar alacaq.

Nazir deyib ki, mütəxəssislərin rəyinə əsasən təyyarənin parçalarının tapılmasına 85 faizlik inam var.

Xatırladaq ki, Malayziya şirkətinə məxsus sərnişin təyyarəsi 2014-cü il martın 7-dən 8-nə keçən gecə Kuala-Lumpur – Pekin reysini həyata keçirərkən radarlardan itib. Təyyarənin göyərtəsində 239 nəfər olub.

“Ocean Infinity Ltd.” şirkəti dəniz dibinin tədqiq ilə məşğul olan gəmisini artıq Cənubi Afrikanın Durban limanına göndərib. Gəminin göyərtəsində yan müşahidə qabiliyyətli hidrolokatorlarla təchiz edilmiş səkkiz batiskaf və 6 min metr dərinlikdə işləməyə qadir digər müasir texnologiyalar var.

“Bizi real perspektivlər gözləyir”,- deyə jurnalistlərə müraciət edən şirkətin nümayəndəsi Oliver Planket bildirib ki, gəmi axtarışlara yanvarın 17-də başlayacaq.