XƏBƏR LENTİ

29 May 2020
28 May 2020

Digər Xəbərlər

22 Yanvar 2018 - 13:01

Angela Merkel üçün şans –Sosial demokratlar koalisiya danışıqlarını dəstəkləyib

Almaniya sosial demokratları Angela Merkelin mühafizəkar bloku ilə koalisiya barədə danışıqlara başlamağa razılıq verib. Bu, mart ayının sonuna qədər ölkədə çoxdan gözlənilən hökumətin qurulacağına ümid yaradır.

AZƏRTAC Euronews telekanalına istinadla xəbər verir ki, yanvarın 21-də ASDP-nin Bonn şəhərində keçirilən növbədənkənar qurultayında gərgin müzakirələrdən sonra nümayəndələrin 54,6 faizi danışıqlara başlamaq planını dəstəkləyib.

Əvvəllər müxalifətə keçmək barədə çağırışlar edən partiyanın lideri Martin Şults hazırda böyük koalisiya qurmaq üçün danışıqlara can atır. “Bu gün söhbət təkcə koalisiya danışıqlarına qoşulmaqdan getmir. Yox, bu gün biz ölkəmizin və Avropanın hansı istiqamətdə irəliləyəcəyini müəyyən edirik. Buna görə də avropalı qonşularimiz və bütün dünyadakı dostlarımız bizi izləyir. Biz istəsək, həqiqətən də Avropada çox şeyi dəyişə bilərik”, – deyə o bildirib.

Angela Merkel sosial demokratların bu qərarını alqışlayıb. Onun federal kansler postunda dördüncü dəfə qalması şansları artır. Buna baxmayaraq, xristian demokratların lideri gələcəkdə hələ çox işlərin görülməli olduğunu qeyd edib. O, fevralın sonlarına qədər danışıqları başa vurmağı planlaşdırır, lakin son söz sosial demokratların olacaq. Martin Şults saziş layihəsini 440 min partiya üzvünün təsdiqinə çıxarmaq niyyətindədir.