Əfqanıstanın Nanqarhar vilayət qubernatorunun nümayəndəsi Cəlalabad şəhərində “Save the Children” beynəlxalq təşkilatının ofisinə hücum nəticəsində 2 nəfər öldüyünü, 12 nəfərin yaralandığını bildirib.
Azərtac xəbər verir ki Tolo telekanalının yaydığı məlumata görə, həlak olanlardan biri təhlükəsizlik qüvvələrinin əməkdaşı, digəri dinc sakindir.
Bu gün səhər terrorçu-kamikadze avtomobilə yerləşdirilən partladıcı qurğunu binanın darvazası qarşısında işə salıb. Bundan sonra bir qrup silahlı şəxs əraziyə daxil olub. Təhlükəsizlik qüvvələri ilə silahlılar arasında qarşıdurma artıq beş saatdan çoxdur davam edir. Hələlik vəziyyəti nəzarət altına almaq mümkün olmayıb. Hücum edənlərin hərbi geyimdə olduğu bildirilir. Onların dəqiq sayı məlum deyil.
Qeyri-kommersiya təşkilatı olan “Save the Children” uşaq hüquqlarının müdafiəsi ilə məşğuldur. Onun mənzil-qərargahı Londonda yerləşir.