Almaniya kansleri Angela Merkelin başçılıq etdiyi mühafizəkarlar bloku uzunmüddətli danışıqlardan sonra Sosial-Demokratik Partiyası ilə koalisiya müqaviləsi ilə bağlı razılıq əldə edib.
“Report” TASS-a istinadən xəbər verir ki, yeni hökumət bu müqavilə əsasında fəaliyyət göstərəcək.
Tərəflər artıq nazir portfellərini də paylaşıblar.
Xatırladaq ki, 2017-ci il sentyabrın 24-də Almaniya Federativ Respublikasında (AFR) Bundestaqa, parlamentə seçkilər keçirilib. Xristian Demokratlar İttifaqı (XDİ) və Xristian Sosial İttifaqının (XSİ) lideri, 63 yaşlı Angela Merkel 4-cü dəfə qalib gəlib. AFR-də parlamentə seçkilər hər 4 ildən bir keçirilir. Ölkə üzrə 18 yaşdan yuxarı 61,5 milyon seçici var. Almaniya Bundestaqına seçkilər qarışıq: 50 faiz majoritar, 50 faiz proporsional sistem üzrə keçirilir. Seçkidə 42 partiya iştirak edib. Nəticələrə əsasən, XDİ/XSİ 33 faiz (XDİ 26,8 faiz, XSİ 6,2 faiz), Sosial-Demokratik Partiya 20,5 faiz, Almaniya üçün Alternativ Partiya 12,6 faiz, Azad Demokratik Partiya 10,7 faiz, “Sollar” 9,2 faiz, “Yaşıllar” 8,9 faiz səs toplayıb. Onlar 5 faizlik səsvermə baryerini keçərək parlamentdə təmsil olunacaqlar.
Yeni Bundestaqın tərkibi 709 yerədək genişləndirilib. Əvvəlki parlamentdə 630 yer var idi.