XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

07 February 2018 - 14:18

Narkobaron Hoakin Qusman Loeranı anonim məhkəmə jürisi mühakimə edəcək- ABŞ-da

Nyu-York məhkəməsi Meksikanın “1 nömrəli” narkobaronunu – “Bəstəboy” ləqəbli Hoakin Qusman Loeranın cinayət işinə baxacaq məhkəmə jürisinin anonimliyinin təmin olunması qərarını verib.

Azərtac “New York Daily” qəzetinə istinadla xəbər verir ki, Bruklin dairə hakiminin fikrincə, ittiham tərəfi məhkəmə jürisi üzvlərinin mümkün təhdidlərdən qorunması üçün yetəri qədər səbəb təqdim edib. Məhkəmənin qərarına əsasən nə prokurora, nə də “Bəstəboyun” vəkillərinə jüri üzvləri barədə məlumat verilməyəcək. Sentyabr ayında başlayacaq proses zamanı onlar ictimai auditoriyadan ayrı fəaliyyət göstərəcək.

Hoakin Qusman Loera kimdir?

Bu gün dünyanın ən varlı narkobaronlarından biri olan 61 yaşlı Qusman kasıb fermer ailəsində dünyaya gəlib. İlk narkobiznes təcrübəsini marixuana və tiryək plantasiyalarında işləyən zaman əldə edib. “Qvadalahara” kartelinin başçısı Migel Anhel Feliks Qalyardonun yanında fəaliyyət göstərib. 1980-ci illərdə özünün “Sinaloa” kartelini qurub və qısa müddətdə Meksikadan ABŞ-a gedən narkotrafikin 25 faizini ələ keçirə bilib. Qəddarlığı ilə seçilən narkobaronun rəqibləri ilə münaqişələrində minlərlə insan həyatını itirib.

1993-cü ildə rəqiblərinin təşkil etdiyi sui-qəsddən canını güclə qurtaran “Bəstəboy” Meksika hökuməti tərəfindən həbs olunaraq 20 il müddətinə azadlıqdan məhrum edilib. lakin 2001-ci ildə Puente Qrande həbsxanasından qaçıb. Azadlıqda olduğu növbəti 13 il ərzində öz imperiyasını gücləndirməklə məşğul olub. Yenidən Sinaloa ştatında həbs edilən “Bəstəboy” təxminən iki il sonra – 2015-ci ildə 1,5 kilometrlik tunel vasitəsi ilə Altiplano həbsxanasından da qaça bilib. Bu hadisə Meksika hökuməti ilə ABŞ-ın münasibətlərinə ciddi zərər vurub.

Hoakin Qusman Loera 2017-ci il yanvarın 19-da Prezident Barak Obama administrasiyasının sonuncu iş günündə ABŞ hökumətinə təhvil verilib.