XƏBƏR LENTİ

01 Noyabr 2020
31 Oktyabr 2020

Digər Xəbərlər

09 Fevral 2018 - 21:50

Prezident Trampın reytinqi artır –Etimad limiti ən yüksək həddə çatıb  

Yeni rəy sorğularına əsasən prezident Donald Trampın etimad reytinqi 40 faizdir. Bu, son yeddi ay ərzində onun ən yüksək reytinqidir.

Buna səbəbin iqtisadiyyatın çiçəklənməsi olduğu bildirilir. Amma təhlilçilər deyir ki, Tramp demokratları tənqid etməyə davam etsə, reytinqi aşağı düşə bilər və ilin sonunda keçiriləcək Konqres seçkilərində Respublikaçılara çətinliklər yarada bilər. Prezident Tramp Ohayo ştatında zavoda baş çəkəndə reallaşdırdığı vergi ixtisarlarının müsbət təsirləri haqqında danışdı. Lakin Tramp həm də, Konqresdəki hesabat məruzəsi zamanı alqışlarını saxlayan demokratları tənqid etdi.

Prezident Donald Tramp deyib: “Onlar ölüm kimi idilər. Bu amerikalıya xas deyildi. Bəziləri hətta bunu xəyanətkar adlandırır. Biz bunu xəyanət adlandıra bilərikmi? Niyə də yox?”

Bu onun iki partiya arasında əməkdaşlığın vacibliyini qeyd etdiyi hesabat məruzəsindən sonra kəskin dəyişiklik idi. Prezident Donald Tramp deyib: “Mən fərqlərimizi kənara qoyub, bir məxrəcə gələ biləcəyimiz sahələri tapmağa və xalqa çatdırmalı olduğumuz birliyə can atmağa çağırış edirəm.” Ölkə iqtisadiyyatının çiçəklənməsi Trampın reytinqlərinin müəyyən artımına təsir edib. Lakin onun demokratlara ünvanladığı son sözlər reytinqinə mənfi təsir edə bilər. Bunu Cim Kesler deyir: “Bilirsiniz, Tramp mərkəzə meyl göstərsə, demokratlarla çalışa biləcək. Amma, o bir həftədən çox səs-küy salmayan ifadələrsiz keçinə bilmədiyini nümayiş etdirib. Bu bir neçə həftə də davam etsə, mən xaosun baş verəcəyini gözləyirəm.”

Tramp və onun bəzi Respublikaçı müttəfiqləri həm də Rusiya təhqiqatları haqqında şikayət etməyə davam edirlər.

Demokratlar bunun xüsusi prokuror Robert Müller tərəfindən aparılan təhqiqatla bağlı narahatlıqdan irəli gəldiyini bildirirlər. Senat Demokratlarının lideri Çak Şumer qeyd edib: “Onlar bu gülünc konspirasiya nəzəriyyələrini bitirməyiblər. Onlar bunu dayandırmaq istəmirlər. Ola bilsin ki, Müllerin apardığı təhqiqatdan qorxurlar.”

Belə görünür ki, Müllerin təhqiqatı yaxın müddətdə bitməyəcək və bu ilin sonunda keçiriləcək Konqres seçkilərinə təsir edən ciddi meyar olacaq. Bunu təhlilçi Con Fortyer deyir: “Bu onun prezidentiliyi üzərində asılmış bir məsələdir. Biz nəyin nə zaman açıqlanacağını bilmirik. Biz bilmirik nə aşkar ediləcək və aşkar edilənlərə necə reaksiya veriləcək.”

Prezidentin reytinqində artım Respublikaçılara ara seçkilərindən sonra Konqresdəki üstünlüklərini qorumağa kömək edə bilər. (Amerikanın Səsi)