Misir ordusunun Sinay yarımadasının şimalında və mərkəzi hissəsində keçirdiyi növbəti antiterror əməliyyatı nəticəsində 15 terrorçu məhv edilib, terror aktları törətməkdə və ekstremistlərə yardım etməkdə şübhəli bilinən 153 nəfər saxlanılıb. Saxlanılanlar arasında xarici vətəndaşlar da var.
Azərtac xəbər verir ki, Misir Silahlı Qüvvələri bununla bağlı bəyanat yayıb. Bildirilib ki, əməliyyat zamanı terrorçuların nəqliyyat vasitələri məhv edilib, onlarla partlayıcı zərərsizləşdirilib. Həmçinin silah-sursat bazaları, partlayıcı maddələrin hazırlanması üçün gizli laboratoriyalar və terrorçuların yeraltı sığınacaqları məhv edilib.
Qeyd edək ki, Prezident Əbdülfəttah əs-Sisinin tapşırığına uyğun olaraq, Misir ordusu Sinay yarımadasının şimalında və mərkəzi hissəsində, həmçinin Nil çayının deltasında və qərbdəki səhralıq rayonlarda fevralın 9-dan etibarən irimiqyaslı “Sinay 2018” antiterror əməliyyatı keçirilir.