XƏBƏR LENTİ

06 Avqust 2020

Digər Xəbərlər

09 Mart 2018 - 13:10

Tramp polad və alüminium idxalına rüsum tətbiq etdi:“ABŞ-ın milli təhlükəsizliyini qoruyuram”

Bir çox siyasətçi və ekspertlərin tənqidinə baxmayaraq, Prezident Donald Tramp ABŞ-ın idxal etdiyi alüminium və polada yüksək tarif tətbiqi barədə qərarı rəsmən açıqlayıb.

O, Kanada və Meksika şirkətləri üçün istisna edib, ABŞ-ın digər müttəfiqləri üçün də mümkün istisna şəraiti yaradıb.

AZƏRTAC xəbər verir ki, ABŞ Prezidentinin planına müvafiq olaraq polad idxalına 25 faizli, alüminium idxalına 10 faizli tarif tətbiq ediləcək. Donald Tramp tariflərin yüksəldilməsinə dair bəyanatında deyib: “Mən polad və alüminium idxalına tariflər qoymaqla bu gün ABŞ-ın milli təhlükəsizliyini qoruyuram”. O əlavə edib ki, güclü poladtökmə və alüminium sənayesi Birləşmiş Ştatların milli təhlükəsizliyi üçün olduqca vacibdir.

Donald Trampın tarif tətbiqi barədə qərarı Ağ Evdə fikir ayrılığına səbəb olub, ABŞ Konqresində respublikaçıları məyus edib. Bu, ABŞ müttəfiqləri arasında da potensial narazılıq doğura bilər. Prezidentin iqtisadi məsələlər üzrə müşaviri Hari Kon çərşənbə axşamı deyib ki, o, Prezidenti polad idxalına yüksək tarif tətbiqindən çəkindirmək barədə uğursuz cəhdindən sonra istefaya gedir.

Beynəlxalq münasibətlər və iqtisadi təhlillə məşğul olan “Trade Partnership” müstəqil konsaltinq firmasının hesabatına görə, yeni idxal tarifləri ABŞ-ın poladtökmə və alüminium sektorlarında 33 min yeni iş yeri yaradacaq, lakin sonra bütün ölkə üzrə 146 min iş yerinin tam itkisinə gətirib çıxaracaq.