XƏBƏR LENTİ

26 Oktyabr 2020
25 Oktyabr 2020

Digər Xəbərlər

11 Mart 2018 - 15:04

Kreml Suriyada zabitlərinin öldüyü aviaqəzanın səbəblərini niyə gizlədir? –General gizli dəfn edilib


Xəbər verildiyi kimi, martın 6-da içərisində Rusiyanın 39 hərbçisinin olduğu An-26 təyyarəsi qəzaya uğrayıb. Dəhşətli qəzada təyyarənin ekipajı da daxil olmaqla heç kim sağ çıxmayıb.

Lakin Rusiya hakimiyyətini hadisənin ətrafını qaranlıq dumanla əhatə etməsi hər kəsi təəccübləndirir. Ölkənin azsaylı müxalif mətbu orqanlarından “Novaya qazeta” diqqətini məsələyə yönəldərək bir sıra maraqlı faktların üstünü açıb.

Qəzetin yazdığına görə, An-26 təyyarəsində həlak olan ən yüksək rütbəli hərbçi general-mayor Vladimir Yeremeyevdir. Yazı müəllifi İrek Murtazin onun dünən olduqca gizli şəraitdə dəfn edildiyini yazıb. Həmin vaxt Moskva vilayətindəki Mıtışi rayonunda yerləşən Federal Hərbi Memorial məzarlığında iş günü sayılmayıb. Əraziyə yalnız siyahıda olan avtomobillər buraxılıb. Bütün maşınlar hərbi polis zabitləri tərəfindən xüsusi şəkildə yoxlanılmaya məruz qalıb.

Müəllifin fikrincə, bütün bu ehtiyat tədbirləri dəfndə iştirak edən zabitlərin ağızlarından “artıq söz “qaçırmamaları üçün görülüb. Yazıda bu cür dəfn mərasimlərinın vaxtilə Əfqanıstandakı itkiləri ictimaiyyətdən gizlətməyə çalışan Sovet İttifaqında müşahidə edildiyini xatırladır.

Qəzaya gəldikdə isə, təyyarə Hələb ətrafındakı Kvayres aerodromundan çıxıb, Palmira şəhərinin 50 km-də yerləşən Tifor aerodromuna enərkən uçuş zonasına cəmi 500 metr qalmış yerə çaxılıb. Rusiya ordusu üçün böyük faciə sayılan bu hadisə ilə bağlı matəm elan edilməyib.

Maraqlıdır ki, qəza yerindən heç bir foto da gəlməyib. Halbuki həmin əraziyə yaxın yaşayış binaları, hətta məktəblər mövcuddur. Müəllif müqayisə üçün keçən il oktyabrın 10-da eyni ərazidə partlayan Su-24 M təyyarəsinin görünütülərinin internetə cəmi bir neçə saat sonra tam xülasəsi ilə sızdırıldığını xatırladır.

Məqalədə yaradılan məşumluğun ən çox qəzada həlak olanların kimliyi, tutduqları post və gördükləri iş ilə bağlı olduğu göstərilib. Belə ki, general-mayor Vladimir Yeremeyev Rusiya Müdafiə Nazirliyinin Nəzarət-təftiş baş idarəsinin rəis müavini vəzifəsini daşıyırmış. Nazirliyin rəsmi səhifəsində də göstərildiyi kimi, bu orqanın əsas vəzifəsi “Silahlı Qüvvələrin hərbi idarə, qoşunların və birliklərin təftiş olunmasının təşkili və həyata keçirilməsindən” ibarətdir.

Yazıda bu idarəyə məxsus generalın 2016-cı ilin dekabrından ələ keçirilən Hələb şəhərindən uçmasının təəccüblü olduğu bildirilir. Lakin bəzi faktlar rəsmi bəyanatların əksinə Rusiyanın həmin ərazilərdə bütöv ordu saxladığını göstərir. Ən azından Hələbdə hərbi polis dəstələrinin ruslardan təşkil olunduğu barədə mətbuatda təsdiq olunmuş bir çox informasiyalar var.

Özü də bu general artıq 3 aydan çox imiş ki, Suriyaya ezam olunubmuş. Adi təftiş üçün bu olduqca böyük bir müddət sayılır. “Təbii, əgər Rusiyanın Suriyada elan etdiyi kimi Hmeymim hərbi bazası və Tartus limanındakı hərbi donanmasından başqa qoşunları yoxdursa…”, müəllif müəmmalı sual ünvanlayır.

Məqalədə ölən digər zabitlərin kimliyinin də ciddi suallar doğurduğu qeyd edilir. Məsələn, polkovnik Sergey Fedun Qara dəniz donanmasının əlahiddə sahil raket artilleriya birqadasının komandiri olub. Bu adamın Hələbdə olması ayrıca maraq mövzusudur. AN-26-nın göyərtəsində mayor Dmitri Kukuşkin, kapitan Konstantin Qorban kimi digər artilleriya zabitlərinin mövcudluğu da diqqət çəkir. Əlbəttə onların təlimatçı olaraq fəlaiyyət göstərdiyini söyləymək olar. Lakin Rusiya ordusunda briqada komandirlərinin təlimatçı olması görünməmiş hadisədir.

Bundan əlavə təyyarənin sərnişinləri arasında 317-ci əlahiddə aviasiya alayının pilotsuz uçuş aparatı eskadrilyasında çalışan mayor Viktor Yevdokimov, kapitanlar Aleksey Trufanov və Andrey Pilenokun kimiləri diqqət çəkir. Bu eskadrilya Rusiyanın Uzaq Şərq diyarında, Kamçatkadakı Yelizovo şəhərində yerləşir.

Məqalədə bu cür yüksək səviyyəli ekspertlərin olduqca gizli şəraitdə, heç bir təntənəli mərasim keçirilmədən dəfn olunmasının gələcəkdə bir çox mətləblərin üstünü açacağının əlaməti olduğuna işarə vurulub.

Musavat.com