XƏBƏR LENTİ

05 İyun 2020
04 İyun 2020

Digər Xəbərlər

14 Mart 2018 - 13:33

Donald Tramp:"ABŞ-da kosmik qoşunlar yaradıla bilər"

ABŞ Prezidenti Donald Tramp ölkədə yeni qoşun növünün – kosmik qoşunların yaradıla biləcəyini bəyan edib.

Azərtac xarici KİV-lərə istinadla xəbər verir ki, Donald Tramp əvvəlcə bu ideyaya ciddi yanaşmadığını, sonradan isə onun əla ideya olduğu qənaətinə gəldiyini deyib.

“Mənim kosmos barədə yeni milli strategiyam yerdə, havada və suda olduğu kimi, kosmik fəzada da hərbi əməliyyatların aparıla biləcəyini qəbul edir”, – deyə ABŞ lideri bildirib.

Fevral ayının sonlarında ABŞ Hərbi Hava Qüvvələrinin qərargah rəisi Devid Qoldfeyn bir neçə ildən sonra kosmosda müharibənin real ola biləcəyini vurğulayıb. Onun fikrincə, Birləşmiş Ştatlar kosmik fəzada üstünlüyü ələ almalıdır. Devid Qoldfeyn əlavə edib ki, ABŞ-ın zərbə gücünün artırılması üçün havada, yerdə, dənizdə, kibersahədə və kosmosda kəşfiyyatı və kommunikasiya imkanlarını inteqrasiya etmək lazımdır.

Bir qədər əvvəl Pentaqon və Hərbi Hava Qüvvələrinin nümayəndələri yeni qoşun növünün yaradılmasına qarşı çıxış etmişdilər. Onların nəzər nöqtəsinə görə, mümkün qazanclar miqyaslı təşkilati dəyişikliklər müqabilində özünü doğrultmur.

Digər böyük dövlətlər kimi, Birləşmiş Ştatlar da müxtəlif kosmik hücum və müdafiə sistemlərini inkişaf etdirir. ABŞ-da hərbi peyklər və ehtimal olunan peyk əleyhinə hərbi potensialdan əlavə, məxfi saxlanılan pilotsuz kosmik təyyarələr də mövcuddur.

“Space News” saytının məlumatına əsasən, ABŞ Hərbi Hava Qüvvələrinin bu il kosmik proqramlara ayırdığı büdcə 7,75 milyard dollar təşkil edib ki, bu da ötən illə müqayisədə 20 faiz çoxdur. Gələn il həmin xərclərin 8,5 milyard dollara çatdırılması planlaşdırılır.