XƏBƏR LENTİ

04 İyun 2020
03 İyun 2020

Digər Xəbərlər

21 Mart 2018 - 11:44

“Putin hələ uzun illər Rusiyanı idarə edəcək” –Ekspertlərin şərhi

Beynəlxalq müşahidəçilər deyir ki, Rusiya prezidenti Vladimir Putin rəqabətin qarşısını alaraq əlavə altı il müddətinə prezident seçilib.

Bazar günü Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) bildirib ki, dövlət mediasının Putinin fəaliyyətini geniş işıqlandırması ona digər namizədlərlə müqayisədə üstünlük verib. Putin rəqiblərini böyük fərqlə geridə qoyaraq səsvermədə asanlıqla qalib gəlib. Təhlilçilər deyir ki, o, növbəti prezident seçkilərindən sonra da Kremldə hökmranlıq edəcək.

Beynəlxalq müşahidəçilər Rusiyanın 18-ci prezident seçkilərinin nəticələrinin gözlənilən olduğunu deyir, çünki seçicilərin qarşısında real seçim yox idi. ATƏT nümayəndəsi deyib ki, Rusiyanın siyasi mühiti tənqidi səslərin davamlı olaraq boğulması ilə xarakterizə edilir: “Ümumilikdə namizədlər azad şəkildə kampaniya apara bilsələr də, prezidentin bir çox media tərəfindən geniş və tənqidsiz şəkildə işıqlandırılması qeyri-bərabər rəqabət ilə nəticələndi. Bütövlükdə seçkilər nizamlı şəkildə keçirildi, amma səslərin gizliliyi və hesablanmasında şəffaflıqla bağlı bəzi çatışmazlıqlar oldu” -deyə ATƏT-in xüsusi koordinatoru Maykl Georq Link bildirib.

Hətta seçkidən öncə belə, Putinin rəqibləri qalib gəlmək ümidlərinin olmadığını deyirdi. Seçkilərin legitimliyini sual edən bir sıra fəal həbs edilib. Müşahidəçilər qutulara toplu seçki bülletenlərinin atıldığını və rusiyayılara səsvermədə iştirak etmək üçün təzyiq göstərildiyini bildirib. Təhlilçilər deyir ki, Putin seçkilərə legitimlik donu geyindirmək üçün seçici fəallığının yüksək olmasını istəyib: “Bu səsvermədir, seçki deyil, çünki biz növbəti liderimizini rəqabətli seçkidə seçmirik. Başqa heç kəsin qalib gəlmək şansı yoxdur. Səsvermə zamanı Putin ictimai dəstək toplayır və bu dəstək az-çox həqiqidir. Qərb üçün isə bu o deməkdir ki, onların Rusiya ilə nə işi olsa, onu Putinlə həll etməlidirlər” -deyə Karneqi Moskva Mərkəzindən Aleksandr Baunov bildirib.

20 ilə yaxındır Rusiyanı idarə edən Putin bu seçkidə ən yaxşı nəticələr əldə edib. O, səslərin 77 faizini qazanıb. Putin həmişəlik hakimiyyətdə qalmaq ehtimalını rədd etsə də, bəzi təhlilçilər deyir ki, o, hələ uzun müddət Kremldə hökmranlıq edəcək: “Məncə Putin artıq hakimiyyətin ötürülməsini planlaşdırmağa başlayacaq. Bu, hakimiyyətin prezident Putindən bir başqa prezidentə deyil, prezident Putindən bir başqa vəzifəni icra edən Putinə ötürülməsi olacaq” -müstəqil siyasi təhlilçi Nikolay Petrov söyləyib.

Putin təxminən iyirmi ilə yaxındır Rusiyanı idarə edir. O, həm prezident həm də baş nazir vəzifəsində çalışıb. (Amerikanın Səsi)