XƏBƏR LENTİ

03 İyun 2020
02 İyun 2020

Digər Xəbərlər

21 Mart 2018 - 13:00

Putinin qələbəsi Avropanı parçalayıb –Qərb siyasi liderləri nə üçün mübahisə edirlər?


"The Guardian" yazır ki, Vladimir Putinin təkrar prezident seçilməsinə Avropada münasibət birmənalı olmayıb.

Bəzi siyasətçilər Moskva ilə pozulmuş münasibətləri qaydaya salmağın vaxtı çatdığını bildirirlər, digərləri isə deyirlər ki, Putin Qərbin liberal dəyərlərindən geriyə dönməyəcək şəkildə uzaqlaşıb.

Amma Putinin qələbəsini bayram edən üçüncü – populist siyasətçilərin qrupu da var. Avropadan kənarda, uzaq Çin və Venesuelada, habelə İran və Yaponiyada siyasi rəhbərlik Putini qələbə münasibətilə təbrik edib. Amma Avropada bu seçki qələbəsinə münasibət o qədər də birmənalı deyil.

Bu ziddiyyət ötən bazar ertəsi Almaniya kansleri Angela Merkellə Rusiya siyasətinin ən kəskin tənqidçisi olan Polşa hökuməti arasında keçirilmiş görüşdə üzə çıxıb. Merkel Putinin qatı tənqidçisi olsa da, Moskva ilə işgüzar münasibətlərin saxlanması tərəfdarıdır. Varşavanın mövqeyi tamamilə fərqlidir. Polşa xarici işlər nazirinin müavini Konrad Szymański Almaniyanı Rusiya ilə müştərək Şimal axını-2 qaz kəməri tikintisini ləğv etməyə çağırıb. Bu boru xətti Ukraynadan yan keçərək Baltik dənizinin dibi ilə Almaniya və Avropaya çatmalıdır.

Merkelin muttəfiqləri isə bu çağırışı "nəzakətlə" rədd ediblər və bildiriblər ki, qiyməti 11 milyard dollar olan bu 1225 kilometrlik boru kəməri özəl layihədir və ondan imtina edilməsi üçün heç bir hüquqi əsas yoxdur. Merkelin müşavirləri bildiriblər ki, əksinə bu əməkdaşlıq Rusiya ilə Ukrayna arasında münasibətlərin tənzimlənməsinə kömək edə bilər. Buna baxmayaraq ötən həftə Ukraynaya səfər etmiş Avropa xarici işlər komissarı Federika Mogerini bəyan etmişdi ki, Rusiya üzərinə qoyulmuş sanksiyaların yumşaldılması hazırda mümkün deyil.

Merkel protokola uyğun şəkildə Vladimir Putini seçki qələbəsi münbasibətilə təbrik etsə də, vurğulayıb ki, Moskva və Berlin arasındakı fikir ixtilafları narahatlıq doğurur.

Almaniyada keçirilmiş rəy sorğuları göstərir ki, Rusiya ilə yeni dialoqa meyl güclüdür. Söhbət xüsusilə də sağ təmayüllü AfD partiyasının tərəfdarlarından gedir. Almaniyanın keçmiş xarici işlər naziri Heiko Maas deyib ki, Rusiyada keçirilmiş prezident seçkisinin ədalətli olduğunu qəbul etmək mümkün deyil və Rusiya çox çətin partnyor olaraq qalacaq.

O xüsusilə də Ukraynadan ilhaq edilmiş Krımın Rusiya prezident seçkisinə daxil edilməsindən narazılıq bildirib və bunu "qeyri-məqbul" adlandırıb. "Bild" qəzetinə müsahibə verən Almaniya müdafiə naziri Ursula Van der Leyen daha "balanslı" mövqe tutaraq deyib ki, Putin bundan sonra partnyor ola bilməz, lakin eyni zamanda Moskvaya qırmızı xətlərin qoyulması da məsləhət deyil.

Almaniyanın sosial-demokrat partiyasından olan keçmiş xarici işlər naziri Sigmar Gabriel hesab edir ki Rusiya üzərinə qoyulmuş Avropa sanksiyaları qaldırılmalıdır, lakin bunun əvəzində Putin Ukraynaya BMT sülhməramlılarının yerildilməsinə vadar edilməlidir. Hərçənd bu qüvvələrin mandat və vəzifəsinin nədən ibarət olacağı məlum deyil. Gabriel deyib ki, "Almaniyanın səsi daim məntiqli olmalıdır".

Fransada da Putinin seçki qələbəsinə münasibət çoxmənalı olub.

Putinin Avropa İttifaqına qarşı populist siyasətindən bezikən Fransa prezidenti Emmanuel Makron bununla yanaşı bir müddət əvvəl Putinə Versalda sammit keçirməyi təklif etmişdi. Lakin o vaxtdan bəri Makronun Moskvaya münasibəti sərtləşib. Buna səbəb Putinin Suriyada Əsəd üzərinə təzyiq göstərməkdən imtina etməsidir. Makron deyib ki, kimyəvi silahdan istifadə edilməsi Paris üçün qırmızı xətt olaraq qalır.

Lakin bu məsələdə ABŞ-dan etibarlı hərbi dəstək almayan Makcron hesab edir ki, Əsəd kimyəvi silahdan istifadə məsələsində qırmızı xətti keçib və bu hərəkətdə Rusiya ona BMT səviyyəsində dəstək verib. Fransa-Rusiya münasibətlərində ticarət də mühüm rol oynayır. Makron may ayında Sankt Peterburqa yollanacaq böyük biznes nümayəndə heyətinə başçılıq edəcək.

Bundan başqa fransızların Rusiyaya ənənəvi münasibəti belədir ki, Moskvaya hörmət göstərildikdə Kreml buna müsbət reaksiya verə bilər.

Lakin Avropada Rusiyaya münasibətdə ən böyük dəyişiklik İtaliyada baş verib. Orada seçki qələbəsi qazanmış 5 Ulduz Hərəkatı Vladimir Putinin Vahid Rusiya partiyası ilə rəsmi müttəfiqdir. 5 Ulduz Hərəkatı Rusiyanın Suriyaya müdaxiləsini alqışlayıb, NATO-nu pisləyib və Qərbi, Ukraynada Maydan hərəkatını qızışdırmaqda ittiham edib. Qısa adı M5S olan partiya Rusiyaya qarşı Avropa İttifaqı sanskiyalarının qaldırılmasına çağırır. Avropa İttifaqından kənarda isə Putinə qarşı müqavimət daha güclüdür. Gürcüstan prezidenti Giorgi Margelaşvili ABŞ-ı, Londonu və Avropa İttifaqını Rusiyadan bütün ölkələrə gələn təhlükəni unutmamağa çağırıb. (BBC)