Yaponiya hökuməti mayın əvvəllərində Çin və Cənubi Koreya ilə üçtərəfli sammit təşkil etmək niyyətindədir.
Azərtac NHK telekanalına istinadla xəbər verir ki, Çinin Dövlət Şurasının Baş naziri Li Ketsyan cari ilin birinci yarısında Yaponiyaya rəsmi səfərin mümkünlüyünü araşdırır.
Yaponiya koreyalararası danışıqlar və ABŞ Prezidentinin Şimali Koreya Lideri ilə görüşünün planlaşdırılması fonunda üçtərəfli əməkdaşlığın inkişaf etdirilməsinə çalışır.
Xatırladaq ki, Yaponiya, Çin və Cənubi Koreya liderləri arasında üçtərəfli görüş sonuncu dəfə üç il bundan əvvəl keçirilib. Hazırda həmin sammitə sədrlik edən Yaponiya danışıqların bərpası üçün işi davam etdirir. Lakin Si Cinpinin yenidən Çin Xalq Respublikasının sədri seçilməsi ilə əlaqədar aparılan hazırlıq işlərinə görə sammitin təşkili təxirə salınıb.
Bununla yanaşı, sammitin təxirə salınmasına səbəb kimi Cənubi Koreya ərazisində ABŞ-ın THAAD-ın (raketdən müdafiə kompleksinin) yerləşdirilməsi göstərilir ki, bu da Pekin ilə Seul arasındakı münasibətlərdə müəyyən gərginlik yaradıb.